Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 2024-cü il yanvarın 31-də elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi müsabiqəsinin qalibləri elan olunub.
Müsabiqə üçün məhz bu mövzunun seçilməsində əsas məqsəd Vətən müharibəsində arxa cəbhədə olan sadə insanın həyatında müharibənin əks-sədasını göstərmək, qazanılan qələbədə onların oynadığı rolun böyüklüyünü sənətin dili ilə tarixə həkk etdirməkdir.
AKİ-dən verilən məlumata görə, mayın 1-dək davam edən müsabiqəyə 50 ssenari qəbul olunub. Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə təqdim edilən ssenarilər arasında birinci və ikinci yerlərin meyarlarına cavab verən işlər olmayıb. Dörd ssenari – “Qısa paslar, uzun peşmanlıqlar” (Hacı Səfərov), “Əsgər çəkmələri” (Leyla Nəsibli), “Köhnə soba” (Asif Qəhrəmanov) və “Tarla qızları” (Elxan Xanəlizadə) adlı ssenarilər III yerin qalibi elan edilib. Uğur qazanmış ssenarilərin hər birinin müəllifinə 1000 manat veriləcək.
Qalib müəlliflər 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə Nizami Kino Mərkəzində keçiriləcək təntənəli mərasimdə mükafatlandırılacaq.