Lənkəran Dövlət Dram Teatrının aktrisası Əməkdar artist Zemfira Nəcəfova 1 avqust 2024-cü il tarixində, ömrünün 74-cü ilində vəfat edib.
Zemfira Musabala qızı Nəcəfova 1950-ci il aprelin 1-də Bakı şəhərində anadan olub. 1970–1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Məzun olduqdan sonra taleyini təyinatla göndərildiyi N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına bağlayıb. O, Lənkəran teatrında yüzdən artıq müxtəlif səpkili obraza həyat verib.
Aktrisa müxtəlif illərdə Azərbaycanın klassik dramaturgiya nümunələrində Ziba xanım və Pəri xanım, Təyyibə xanım (“Lənkəran xanının vəziri”, “Hacı Qara” – M.F.Axundzadə), Yetər, Mələk (“Hacı Qəmbər”, “Müsibəti-Fəxrəddin” – N.Vəzirov), Mehri xanım (“Bəxtsiz cavan” – Ə.Haqverdiyev), Səlma ana (“Ana” – H.Cavid) və rolları ifa edib. Xüsusilə, M.İbrahimovun “Kəndçi qızı”nda Reyhan xanım, M.Hüseynin “Alov”unda Rəfiqə, İ.Əfəndiyevin “Unuda bilmirəm” əsərində Səadət xanım, Ə.Əmirlinin “Köhnə evi”ndə Mələk obrazları aktrisaya tamaşaçı rəğbəti qazandırıb.
Xarici müəlliflərin əsərlərində də bir-irindən maraqlı obrazlar yaradıb: Smeraldina (“İki ağanın bir nökəri” – K.Qoldoni), Emilya və Dorkas (“Qış nağılı” – V.Şekspir), Varvara və Feklyuşa (“Tufan” – A.Ostrovski), Arsinoya (“Mizantrop” – J.B.Molyer), Karoboçka (“Ölü canlar” – N.Qoqol), Savka (“Nazirin xanımı” – B.Nuşiç) və s.
Zemfira Nəcəfovanın “İzi itməyən cinayətlər” (Quda), “Şirin yalan” (Zemfira nənə) və “Günəşim ol” (Gülsüm nənə) televiziya seriallarındakı nümayiş etdirdiyi oyun manerası geniş tamaşaçı auditoriyası tərəfindən maraqla qarşılanıb.
Aktrisa teatr sahəsindəki xidmətlərinə görə 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına, 2015-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Mədəniyyət Nazirliyinin kollektivi Zemfira Nəcəfovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.