Avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə təsis edilib. Yerlərdə bu münasibətlə bir sıra tədbirlər keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev və ana dili” mövzusunda tədbir keçirilib. Şəhər MKS-nin 9 nömrəli kitabxana filialı ilə birgə təşkil olunan tədbirdə mədəniyyət işçiləri, müəssisə rəhbərləri və müəllimlər iştirak ediblər.

Çıxışlarda Azərbaycan dilinin inkişaf tarixindən, qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu öndərin səylərindən və əvəzedilməz xidmətlərindən bəhs edilib.

Sonda mərkəzin əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

***

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "Ana dilim – iftixarım" mövzusunda tədbir təşkil edilib. Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova Ümummilli lider Heyder Əliyevin ana dili haqqında söylədiyi fikirlərdən söz açıb.

Sonda uşaqlar mövzu ilə bağlı təqdimatlar edib, şeirlər səsləndiriblər.

***

Astara rayon Heydər Əliyev Mərkəzində “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda tədbir keçirilib.

Mərkəzin direktoru Kübra Səmədova və baş fond mühafizi Elza Kazımova əlamətdar günün tarixindən söz açıblar.

Sonra “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” mövzusunda film nümayiş olunub. Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Hazırladı: N.Məmmədli