Astara rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın dövlət sərhədləri etibarlı şəkildə qorunur” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, “Gənclər evi” sosial xidmət müəssisəsi, Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları və rəssamlıq dərnəyinin üzvləri iştirak ediblər.

Çıxışlarda ölkəmizdə sərhəd mühafizəsinin təşkili, o cümlədən 2002-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə məlumat verilib.

Çıxışlardan sonra “Sərhəddən başlayan Vətən” mövzusunda film nümayiş edilib. Kitab və əl işlərindən ibarət sərgiyə baxış olub.

***

Lerik rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidmətinin Lerik rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində əsgər və zabitlərlə görüş keçiriblər. Çıxış edənlər sərhədlərimizin etibarlı müdafiəsində əsgər və zabitlərə uğurlar arzulayıb, müzəffər Ordumuza hər zaman dövlət tərəfindən yüksək diqqət və qayğının olduğu bildiriblər.

Sonra konsert proqramı təqdim edilib. Valideynləri və yaxınları ilə görüşən əsgərlər musiqi sədaları altında vaxtlarını xoş keçiriblər. Xidmətdə fərqləndiyinə görə bir neçə əsgər təltif edilib.