İyulun 30-da Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev “Turistik kənd” layihəsi çərçivəsində Qəbələ rayonunun Duruca kəndinin sakinləri ilə görüşüb.
Agentlikdən bildirilib ki, görüşdə sakinlərə kəndin turizm potensialının səmərəli istifadəsi üzrə planlar və görüləcək işlər haqqında məlumat verilib, həmçinin onların fikirləri dinlənilib.
Bildirilib ki, “Turistik kənd” layihəsi çərçivəsində Duruca kəndində görüləcək işlər 2 mərhələdə həyata keçiriləcək.
Birinci mərhələ çərçivəsində kənddə əsas turistik infrastrukturun qurulması və abadlıq işlərinin həyata keçirilməsi, o cümlədən məlumatverici və digər turistik lövhələrin quraşdırılması, hasarların abadlaşdırılması, köşklərin qurulması, iki bulağın bərpası və s. nəzərdə tutulub. Növbəti mərhələdə kənddə infrastrukturun daha da inkişaf etdirilməsi və turizm fəaliyyətlərinin genişləndirilməsi üzrə tədbirlər görüləcək.
Kəndin təbiət və aktiv turizm üzrə geniş potensiala malik olduğu, Duruca şəlaləsinə yürüş turlarının təşkili və haykinq marşrutunun hazırlanması üzrə işlərin getdiyi, eləcə də mənzilini qonaq evi kimi təqdim etmək istəyən sakinlərə müvafiq qonaqlama təlimlərinin, turistik turlar üçün isə bələdçilik təlimlərinin keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verilib.
“Turistik kənd” layihəsi DTA tərəfindən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndi üzrə icra olunur. Layihə çərçivəsində Qax rayonunun İlisu və Sarıbaş kəndləri, Qusar rayonunun Ləzə kəndi, Qəbələ rayonunun Duruca kəndi, Quba rayonunun Qrız kəndi, Lerik rayonunun Bibiyoni kəndi və İsmayıllı rayonunun İvanovka kəndində işlərin həyata keçirilməsi planlaşdırılır.