Xalçaçılıq sənəti qədim dövrlərdən Anadolu, İran, Orta Asiya, Qafqaz və digər ərazilərdə geniş yayılmış dekorativ-tətbiqi sənət sahələrindən biridir. Bu sənət Qafqazda xüsusilə inkişaf etmişdi. Mənbələrdə qədim dövrlərdən Şimali Qafqazda müxtəlif növ xovlu, xovsuz xalçaların və xalça məmulatlarının toxunması barədə məlumat verilir.
Bu xalçalar həm ornamentləri, həm də dolğun rəng koloriti ilə diqqəti cəlb etmişdir.
Zəngin Azərbaycan mədəniyyəti multikulturallığı ilə sanki al-əlvan bir xalçaya bənzəyir. Ölkəmizin ərazisində tarix boyu müxtəlif xalqlar yaşamış və özlərinin mədəni zənginliklərini yaratmışlar. Azərbaycanda yaşayan qədim xalqlardan biri də saxurlardır. Saxurlar Şimali Qafqazın yerli, avtoxton etnoslarından biridir. Tarixçi alim Qiyasəddin Qeybullayev Musa Kalankatlunun “Alban tarixi” əsərində və V-VII əsr mənbələrində qeyd olunan “ciqb” tayfasının müasir saxurların əcdadları olduğunu qeyd edir. Həqiqətən də, saxurlar özlərini “yıxbı” adlandırır. Əlbəttə ki, yıxbı/ciqbı toponimlərinin yaxın olduğu şübhəsizdir. “Yıxbı” etnoniminin mənası, çox güman ki, “biz bir xalqıq”, yaxud da “dağlı” deməkdir. Saxur isə coğrafi toponimdir və saxurların ən qədim kəndlərindən olan hazırda Dağıstanın Rutul rayonunda yerləşən Saxur (saxur dilində “Çaxi”, “Çaxur”) kəndinin adı ilə əlaqədardır. “Çа” od, “kur” isə kənd deməkdir. Saxur dili Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupunun ləzgi yarım qrupuna daxildir.
Saxurlar Zaqatala rayonunun Mamrux, Gözbarax, Qax rayonunun Qum, Ləkit, Kötüklü və Çinarlı kəndlərində yaşayırlar.
Saxurlar əksi çağlardan xalçaçılıq sənəti ilə də məşğul olublar. Yaşadıqları dağlıq və dağətəyi bölgələrdə əhalinin əsas məşğuliyyətinin qoyunçuluq olması bu sənət sahəsinin inkişafına təkan verən başlıca amillərdən idi. Onlar çeşidli bitkilərdən ipləri boyamaq üçün rənglər əldə edirdilər. Bu xalqın həm zəhmətsevər, həm də yaxşı bədii-estetik zövqə və yaradıcılıq qabiliyyətinə malik olması digər sənət sahələrində də dəyərli irs nümunələri yaratmalarına vəsilə olmuşdur.
Həm Dağıstan (RF), həm də Azərbaycan ərazisindəki bütün saxur kəndlərində keçmişdən günümüzə xalçaçılıq nümunələri toxunmuşdur. Zaqatala rayonunun “Suvagil dərəsi” adlanan dərə boyunca düzülmüş Köhnə Suvagil, Qas, Qarqay, Qalal, Əzgilli kəndlərində XIX-XX əsrlərdə xalçaçılıq sənəti inkişaf etmişdir. XX əsrin 50–60-cı illərində Suvagil dərəsində baş vermiş güclü sel üzündən həmin kəndlər Zaqatalanın düzənlik ərazilərinə köçürülsə də, sakinlər öz ata-baba sənətlərini qoruyub yaşatmış, bir-birindən gözəl xalça nümunələri ərsəyə gətirmişlər.
Zaqatala rayonunun Dağlı kəndindən olan ağbirçək toxucu Zübeycət Hacıyeva bizimlə söhbətində dedi ki, bir xalçanın ərsəyə gəlməsi böyük zəhmət və səbir tələb edir. O, indiyədək beş ədəd nəfis ornamentli xovlu, onlarla da xovsuz xalça – kilim, palaz, cecim toxuduğunu bildirdi.
Xalçanın hanada toxunmasına qədər olan mərhələ barədə danışan Sahibə Şahmaliyeva isə qeyd etdi ki, yun yuyulduqdan sonra onu didib, daraqdan keçirmək, cəhrədə əyirmək üçün kənd qadınları bir yerə yığışar, bu işdə bir-birlərinə kömək edərdilər. Bu iməciliyə el arasında “qına” deyərdilər. Yun saplar hazır olduqdan sonra növbə yunun boyanmasına gəlir. XX əsrdə əslən Zaqatalanın Köhnə Suvagil kəndindən olan Kor Məhəmmədnəzir tək saxurlar arasında yox, bütövlükdə rayonda məşhur boyaqçı idi. Kənd ağbirçəkləri ondan maraqla danışır, gözdən əlil olduğu halda, sadəcə, lazım olan rəngin adını ona dedikdən sonra boyaqçının həmin rəngi əldə etdiyini heyrətlə vurğulayır, bunu ilahi vergi kimi də qəbul edirdilər.
Yun saplar boyandıqdan sonra artıq xalça toxuma prosesi başlayır. Kənd qadınları toxunma prosesində də bir-birlərinə köməyə gedərdilər. İl ərzində saxur qadınları onlarla xovlu və xovsuz xalça toxuyurdular. Xovsuz xalçalar daha çox praktiki məqsədlər üçün istifadə olunurdu. Evin döşəməsinə birinci xovsuz xalça, onun da üstündən xovlu xalça sərilirdi.
Ümumiyyətlə, saxur xalçalarında daha çox həndəsi ornamentlərə üstünlük verilmişdir. Az da olsa, nəbati ornamentlərə də rast gəlinir. Bu daha çox xalçanın yelən hissəsini, o cümlədən ara sahədə kompozisiyanı dolduran köməkçi element kimi istifadə olunur. Ağbirçək toxucuların dediklərinə görə, bəzən at, qoyun, inək fiqurları olan xalçalar da toxunmuşdur.
Saxur xalçalarının əksəriyyəti bədii-texniki cəhətdən yelən hissədən və ara sahədən ibarət olur. Xalçaların ara sahəsində əsasən qara, yaxud da zoğalı fonun üzərində böyük ölçüdə göl təsvirləri olur. Bu xalçalar həm də çoxrəngliliyi ilə seçilir. Bəzən bir xalçada ondan çox rəngə rast gəlinir. Xalçalarda qara, sarı zoğalı və qırmızının vəhdəti gözoxşayan rəng koloriti yaradır.
II Dünya müharibəsi illərində arxa cəbhədə böyük fədakarlıqlar göstərmiş saxur qadınlarından biri, Zaqatalanın Dağlı (Qas) kəndindən olan toxucu Taibət Şahmaliyevanın 1961–1972-ci illərdə toxuduğu iki xovlu xalça rəng koloriti ilə xüsusi fərqlənir. Boyaqçı Məhəmmədnəzirin boyadığı yun saplardan toxunan bu xalçaların ikisi də haşiyə və ara sahədən ibarətdir.
1961-ci ildə toxunan xalçanın birinci gələn bala haşiyəsində “s”varı, ikinci gələn ana haşiyə hissəsində “romb” ornamentləri toxunmuşdur. Ara sahədə isə biri yarımçıq olmaqla üç “göl” ornamenti yaradılmışdır. Göllərin daxilində də “qırx sancaq” deyilən 9 ədəd rombvarı, çıxıntılı ornament işlənmişdir.
Zübeycət Hacıyevanın 1979-cu ildə toxuduğu xovlu xalça da bir sıra xüsusiyyətləri ilə maraq doğurur. Bu xalça da yelən və ara sahədən ibarətdir. Birinci bala haşiyədə yaşıl fonun üzərində müxtəlif rənglərdə nəbati gül ornamentləri işlənmişdir. İkinci ana haşiyədə zoğalı fonun üzərində həndəsi səkkizguşəli ulduz ornamentləri toxunmuşdur. Ortada isə qara fonun üzərində biri yarımçıq olmaqla beş “göl”, yaxud da özlərinin dediyi kimi “xərçəng” ornamentləri, romb və gül təsvirləri toxunub. Bu xalçada xalqın mifoloji təsəvvürləri öz əksini tapıb. Belə ki, birinci bala haşiyədə yaşıl fonun üzərində toxunan gül təsvirləri torpağı, təbiəti, ikinci ana haşiyədəki səkkizguşəli ulduzlar göy üzünü, ara sahə isə yeri, həyatı əks etdirir.
Eyni kənddən olan şəhid anası, toxucu Ümküs Musayevanın 1970-ci illərdə toxuduğu xalçada maraqlı məqam “xaç” ornamentinin olmasıdır. Çox güman ki, bu ornament saxur xalqının İslamdan əvvəlki dövründən bu günümüzə gəlib çatmışdır. Onu da bildirək ki, saxurlar İslam dinini təqribən XI əsrdə qəbul etmişdir.
Zaqatalanın Suvagil kəndindən olan toxucu, qəhrəman ana Gülzar Əhmədovanın ərsəyə gətirdiyi xovlu xalçalar nəbati ornamentlərin daha çox istifadə edilməsi ilə fərqlənir.
Saxur toxucular xovlu xalçalarla yanaşı, xovsuz xalça nümunələri – daha çox kilim, palaz, cecim yaratmışlar. Suvagil kəndindən olan toxucu Nabat Həşimovanın XX əsrin 70-ci illərində toxuduğu kilim “göl” ornamentləri ilə bəzədilmişdir. Uzunsov formada olan kilimdə dördü yarımçıq olmaqla 17 ədəd "göl" toxunmuşdur. Fikir versək, istər xovlu, istərsə də xovsuz saxur xalçalarında yarımçıq “göl” ornameti vardır. Bu da təsadüfi deyil. Belə ki, ara sahədə və onun ətək hissəsində olanlar sanki yeni doğan günəşə, yuxarı hissəsində olanlar isə batan günəşə bənzəyir. Bu da həyatın davamlı olmasına işarədir. Yarımçıq “göl” həm də xalçaya sanki dinamika və hərəkətlilik verir.
Hər bir xalqı formalaşdıran, varlığını, milli kimliyini qoruyan onun dili və mədəniyyətidir. Xalqın maddi mədəniyyəti onun minilliklər boyu formalaşan dünyagörüşünün, bədii-estetik düşüncəsinin məhsulu, tarixinin, milli kimliyinin danılmaz faktıdır. Saxur xalqının bədii-estetik baxışları həm də onun xalçalarında yaşayır.
Məhəmməd Hacıyev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi