Macarıstanda ənənəvi Böyük Hun Türk Qurultayı bu il 9–11 avqust tarixlərində Buğac şəhərində (paytaxt Budapeştdən 150 km məsafədə) təşkil edilib. Sayca 8-ci qurultayın rəsmi açılış mərasimi isə Budapeştdə keçirilib.
Tədbirdə ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu təmsil edib.
Macarıstan parlamentində baş tutan mərasimi vitse-spiker Sandor Lezsak açaraq tədbirin Türk dünyasında birliyin və bərabərliyin yaradılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Sureyya Er, TÜRKSOY-un rəhbəri Sultan Raev, Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyasının rəhbəri, akademik Şahin Mustafayev, Özbəkistan və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri çıxışlarında Türk dünyasında birlik və bərabərliyin önəminə toxunublar.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bu mühüm tədbirin Türk dünyası üçün əhəmiyyətindən danışıb, çıxışını çuvaş türklərinin maraqlı bir ifadəsi ilə tamamlayıb: “Var olmuşuq, varıq, var olacağıq”.
Üç gün davam edən və 3 mindən çox insanın qatıldığı Qurultayın tarixində ilk dəfə Azərbaycan çadırının qurulması, qədim xalçalarımızın sərgilənməsi, xalq və aşıq sənətinin, həmçinin milli rəqslərimizin təqdim olunması böyük maraqla qarşılanıb.
Qeyd edək ki, iki ildən bir təşkil olunan Hun-Türk Qurultayının keçirilməsində məqsəd türk xalqları və onların diaspor təşkilatları arasındakı birliyin daha da möhkəmləndirilməsidir.