Medianın İnkişafı Agentliyində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və media analitiki Kira Kalinina ilə görüş keçirilib.

Bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib. Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media landşaftı, bu sahədə həyata keçirilən islahatların gedişatı, Agentliyin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb. Görüş zamanı, həmçinin 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə medianin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb.

***

Avqustun 14-də Azərbaycan Respublikası Audiovizual Şurasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilib.

Şuradan bildiriblər ki, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov qonağa Şuranın fəaliyyəti, “Media haqqında” Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə geniş məlumat verib.

Görüş zamanı sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallar cavablandırılıb, digər məsələlərə dair müzakirələr aparılıb.