Millət atasının ekran və səhnə obrazları

 

Hələ sağ ikən şəxsiyyəti mifləşəcək dərəcədə məşhurlaşan, xeyirxah əməlləri ilə xalqın qeyri-formal liderinə çevrilən insanlar olur ki, onların varlığı uca Tanrının lütfüdür. Şəksiz ki, Azərbaycanın tarixindəki belə insanlardan biri bütün şüurlu həyatını öz millətinin rifahına həsr etmiş, qazandığını elm, təhsil, mədəniyyət yolunda səxavətlə xərcləmiş Hacı Zeynalabdin Tağıyevdir.

Bu gün bizim niyyətimiz əməlləri ilə xalqının sevimlisi olmuş, XIX əsrin sonları, XX əsrin əvvəllərində Millət atası isminə layiq görülmüş Tağıyevin həyatı, fəaliyyəti barədə danışmaq deyil. Görkəmli şəxsiyyətin səhnə və kino obrazlarından söz açmaq istəyirik.

Tağıyev elə bir dövrdə və qövmdə yaşamışdı ki, o zaman gerçək qəhrəmanların obrazını səhnəyə gətirmək dəb deyildi, kino sənəti isə hələ yeni təşəkkül tapırdı. O zaman dəbdə olan rəssama portret çəkdirmək idi ki, Hacı Zeynalabdinin portreti ilə bağlı əhvalat da çoxlarına bəllidir.

İş elə gətirdi ki, Hacı Zeynalabdinin ədəbi obrazları onun yaşayıb çalışdığı dövran dəyişdikdən sonra yaranmağa başladı. Təbii ki, ötən dövrün qayda-qanunları kimi, ədəbi-bədii əsərlərə verilən dəyərlər də sovetlər ölkəsinə yaramırdı. Əsilzadələr, zəngin iş adamları müsbət qəhrəman nədir, hətta realist obraz kimi proletar könlünü oxşaya bilməzdi. Bu xüsusda faktları çözələyəndə düşünürsən ki, nə yaxşı Tağıyevin obrazı 1920-50-ci illərdə ekrana, səhnəyə çıxarılmayıb, yoxsa ki, hələ bu gün də həmin təhrifləri aradan qaldırmaqla məşğul idik.

***

Hacı Zeynalabdin Tağıyevin kinomuzda ilk mükəmməl və sovet dövrü üçün ən obyektiv obrazına “Ulduzlar sönmür” (1971) filmində rast gəlirik. Tarixi-bioqrafik janrda çəkilmiş film görkəmli siyasi xadim Nəriman Nərimanova həsr olunub. Quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Əjdər İbrahimov, digər ssenari müəllifi İsa Hüseynov olan bu filmdə sovet ideologiyasına qarşı yumşaq etiraz süjet boyunca hiss olunur. Hacı Zeynalabdin Tağıyev rolunda görkəmli aktyor İsmayıl Osmanlı çəkilib. Onun ifasında Hacı ideyaca fərqli mövqedə olan doktor Nərimana bəslədiyi duyğularını qoruyub saxlayan, onun xalqını düşündüyünə inanan ağsaqqaldır.

Film “Azərbaycanfilm”in istehsalı olsa da, rus dilində lentə alınıb. Hacı Zeynalabdin Tağıyevi məhz İsmayıl Osmanlı səsləndirir. Əgər bu, film yaradıcıları tərəfindən obrazın milli koloritini artırmaq üçün nəzərdə tutulmuşdusa, digər tərəfdən də, milli neftxudanın öz dövrü üçün hərtərəfli savadlı olduğu təəssüratı yaradır. Bununla belə, filmdə əsas qəhrəman olmasa belə, Tağıyev milyonçu, iş adamı və duz-çörəyi tapdamayan kişi kimi təqdim olunur. Onun xarakterinin digər cəhətlərini geniş ekrandan və böyük səhnədən seyr etməyə hələ neçə illər var idi.

***

Yazıçı Anarın öz ssenarisi əsasında çəkdiyi “Üzeyir ömrü” (“Uzun ömrün akkordları”) filmi 1981-ci ildə istehsal olunub. Mərkəzi Televiziyanın sifarişi ilə lentə alınmış ikiseriyalı filmdə böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin gənclik illəri, milli opera sənətimizin təşəkkül dövrü geniş təsvir olunub. Gerçək tarixi faktlara əsaslanan filmdə ilk azərbaycanlı qadın opera müğənnisi, 1910-cu illərdə Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə İtaliyada təhsil alan Şövkət Məmmədova ilə bağlı bir epizod var. Əslində, bu fakt bütün sənətsevərlərə, o cümlədən də bizim oxuculara bəllidir deyə, qısaca bunu deyirik: gənc Şövkət tamaşadan sonra üzüaçıq səhnəyə çıxıb oxuyur ki, tamaşa onun benefisinə oynanılmış hesab edilsin və kassadakı bütün məbləğ təhsilini davam etdirmək üçün ona verilsin.

Gənc Şövkət (aktrisa Mayya İsgəndərova) səhnədə çıxış edərkən təxminən bir dəqiqə ərzində teatrın lojası göstərilir. Türk (Osmanlı) konsulu ölkəsinin İtaliya ilə müharibə şəraitində olduğu zaman bir türk qızının səhnədə italyanca oxumasını Hacıya irad tutur və qalxıb teatrı tərk edir. Aktyor Hüseynağa Sadıqovun oynadığı Hacı Zeynalabdin isə, sadəcə, başını döndərməklə konsulu yola salaraq, üzündə “bunun mənə və sənətə nə dəxli?” ifadəsi ilə seyrə davam edir. Vəssalam.

***

Görünür ki, milyonçularımız barədə gerçəkləri səhnədən, ekrandan göstərmək üçün Azərbaycanın müstəqillik qazanması lazımmış. Çox ağır şərtlər, maddi çətinlik və siyasi qeyri-sabitlik dövründə Rövşən Almuradlı Şahmar Ələkbərovun ssenarisi əsasında “Yük” bədii filmini çəkdi. 1995-ci ildə, müstəqilliyimizin ilk illərində sovetləşmədən öncəki dövrə aid realist filmin ekrana çıxması yaxşı mənada insanları çaşdırdı. İki milyonçunun – Ağa Musa Nağıyevlə  Hacı Zeynalabdin Tağıyevin filmdəki obrazları bu iki böyük insanın artıq illərdən bəri əfsanə kimi dillərdə dolaşan əhvalatlarına işıq saldı. Hacı Zeynalabdin Tağıyev roluna tanınmış teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov çəkilmişdi. Məsələ ondadır ki, A.Kazımovun ilk sənət təhsili aktyorluq olub və o, Sankt-Peterburqda rejissorluq fakültəsinə daxil olanadək, indiki Milli Dram Teatrında aktyor kimi çalışıb. Filmlə, Tağıyev obrazı ilə bağlı mərhumun həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayevanın xatirələrindən:

– Ağakişi müəllim mənə deyirdi ki, həmişə kinoya çəkilməyi arzulayıb, amma kamera önündə dayanmaqdan qaçıb. Üzündə uşaqlıqdan qalma çapıq yeri var idi deyə fikirləşirmiş ki, ekranda pis görünər. Lakin bir gün rejissor Vaqif Əsədov ona deyir ki, kinostudiyaya gəl. Kinostudiyada Ağakişiyə heç nə demədən onun üzünə bığ, saqqal yapışdırıb qrim edəndən sonra deyirlər ki, elə budur, başqası lazım deyil. Ağakişiyə bildirirlər ki, səni Hacı Zeynalabdin Tağıyevin roluna çəkirik, heç bir sınaq çəkilişinə ehtiyac yoxdur. Çəkiliş zamanı, təbii görünsün deyə Ağakişi özü bığ-saqqal saxlamışdı. Hər dəfə bu filmdən söz düşəndə fəxrlə deyirdi ki, ömründə bir dəfə kinoya çəkiləsən, o da ola Hacı Zeynalabdin Tağıyevin obrazı!

***

2005-ci ilin noyabrında mətbuatın mədəniyyət xəbərləri bölmələrində bir xəbər yayıldı ki, tezliklə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Mesanat” pyesi əsasında eyniadlı tamaşanın premyerası olacaq. Millət atası, böyük xeyriyyəçi Tağıyevə həsr olunmuş, onun ömrünün son illərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. Rollarda Xalq artistləri Əliabbas Qədirov, Şükufə Yusupova, Kamal Xudaverdiyev, Yaşar Nuriyev və b. çıxış edəcəklər. 

Bu sətirlərin müəllifi həmin tamaşanı iki dəfə seyr edən xoşbəxt teatrallardandır. Tamaşa ilk dəfə oynanılanda pərdələr hələ açılmamışdan salonda qəribə təlaş duyulurdu. Seyrçilər tanınmış aktyorları tarixi tamaşada görməyin təlaşını, çox sevilən böyük şəxsiyyətin səhnə təcəssümünün necə olacağının, az qala hamımızın bildiyi hadisələrin səhnədə necə cərəyan edəcəyinin həyəcanını yaşayırdılar. Hər kəs özünü tarixi hadisənin şahidi kimi hiss edirdi. O zaman Əliabbas Qədirov hər kəsdən gizlətməyə çalışsa da, xəstəlik artıq onu daxildən didirdi. Çəkisini itirən, rəngi avazıyan aktyor 60 yaşında olsa belə, cavan oğlunun qəfil ölümündən və varidatını bir günün içində itirməkdən sarsılan qoca mesenatın ovqatını rahatlıqla çatdırırdı. Təbii ki, aktyorun istedadı və öz personajına rəğbəti də tamaşanın uğurunu şərtləndirən başlıca amillərdən idi. İllər sonra “Mesenat”ın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov həmin tamaşanı belə xatırlayırdı:

– Əliabbas Qədirov qrim etdikdə zahirən də Hacıya çox bənzəyirdi. Üstəlik, o, istedadlı aktyor idi, canı ağrısa da, tez yorulsa da, var gücünü toplayıb rolu üzərində çalışırdı, premyeranı səbirsizliklə gözləyirdi. Sanki hiss edirdi ki, “Mesenat” onun son tamaşası olacaq və o bütün enerjisini, sənət sevgisini və istedadını bu rola vermək istəyirdi.  Əliabbas müəllimin xəstəliyi gücləndiyindən o, səhv etmirəmsə, cəmi beş tamaşada çıxış etdi. Artıq növbəti tamaşaya biletlər də satılmışdı, Xalq artisti Nurəddin Mehdixanlı bu qədər həcmli rolu bir həftənin içində hazırladı və tamaşaya daxil oldu. Ümumilikdə,  “Mesenat” tamaşası yüz dəfədən çox oynanıldı.

***

Millət atasının kino və səhnə obrazlarına həsr olunmuş yazı üzərində işləyəndə bir xəbər qarşıma çıxdı: “Tağıyev” çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb. Filmdə mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı, fəaliyyəti barədə geniş və maraqlı məqamlar əsas götürülüb.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən filmin xarici auditoriyada da nümayişi nəzərdə tutulur.

Bu serial barədə mətbuatda yer alan xəbərdə bildirilmişdi ki, ekran əsərində XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgələrdə baş verən mühüm tarixi hadisələr əksini tapıb. Layihənin kütləvi səhnələrinin çəkilişlərinə 1600 nəfər cəlb edilib, 70-dən çox məkanda çəkiliş aparılıb. Filmin böyük xeyriyyəçinin vəfatının 100 illiyinə həsr olunduğu deyilirdi. Əgər yadımıza salsaq ki, Tağıyev 1924-cü il sentyabrın 1-də dünyasını dəyişib, deməli, premyeraya az qalıb. Filmin çəkiliş qrupu, yaradıcı heyəti barədə məlumat gizli saxlanılsa da, “Tağıyev”in afişa-prospektindəki şəkildən məlum olur ki, baş rolda Xalq artisti Pərviz Məmmədrzayev çəkilib. 

***

... “Mesenat” tamaşasında Əli Əmirli Hacı Zeynalabdin Tağıyevin dilindən belə bir monoloq yazıb:

“Yüz ildən çox yaşadım bu dünyada, özümü xoşbəxt, firavan, işli-güclü gördüm. Allahıma tapındım, əl açanları paysız qoymadım. Rəbbim mərhəmətimi artırdıqca ruhum təzələndi, cavanlaşdı, bədənimin əsarətindən çıxdı. Kimin ruhu bədəninin əsiridirsə, bu dünyadan ikiəlli yapışır, ölüm ayağında ruhu şivən qoparır, dünyanın yalan ləzzətinə uyan, şeytana aldanan bədəndən ayrı qala bilmir. Mənim cavan ruhumsa bu köhnəlmiş nimdaş cismimi asanlıqla tərk edir. Dərs almadım, məktəb görmədim, amma bu az ağlımla bir mətləbi anladım: hər kəs öz əməlinin girovudur. Yaxşı əməl, xeyirxah niyyət heç vaxt unudulmur, amma geci-tezi var, nəhayət, şeytanın da bir yorulan vaxtı olur. Mən şeytana mərhəmətimlə qalib gəldim, bu dünyada ən güclü silahım mərhəmətim oldu. Necə ki, müqəddəs Kitabımızda buyurulmuşdur: kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq möhkəm bağdan – Qurandan, imandan yapışmış olur. Bütün işlərin axırı Allaha gedib çıxacaqdır. Buyruq Allahındır”.

Hacı Zeynalabdin Tağıyev kimi şəxsiyyətin obrazını bundan gözəl ifadə etməyin mümkünsüzlüyünü anlayaraq yazımıza nöqtə qoyuruq.

Gülcahan Mirməmməd