Mərakeş Krallığının Mədəniyyət Nazirliyi ölkənin mədəni irsinin inventarlaşdırılması, qorunması və idarə olunmasını təkmilləşdirmək məqsədilə ilk milli arxeoloji xəritə hazırlayıb. Bu barədə Mərakeşin Bakıdakı səfirliyinin məlumatında bildirilir.

Xəritə Milli Arxeologiya və İrs Elmləri İnstitutu və Mədəni İrs Direktorluğu tərəfindən verilən məlumatlar əsasında ölkədə tədqiq olunan arxeoloji ərazilər üzrə tərtib edilib. Hazırda xəritə Dakhla, Essaouira, Casablanca, Rabat-Salé-Kénitra, Asilah və Oriental kimi bölgələri əhatə edir. Gələcək yeniləmələr Tan Tan, Zaqora, Tamanart, Rehamna və Béni Mellal-Khénifra kimi regionlardakı arxeoloji əraziləri də əhatə edəcək.

Qeyd olunur ki, layihə Mərakeş arxeologiyasında əhəmiyyətli irəliləyişdir və ölkə daxilində yeni ekspedisiyalar və inventarlaşdırma aparıldıqca müntəzəm olaraq yenilənəcək. Xəritə mədəni və arxeoloji irsi birləşdirən turizm planlarının yaradılmasını asanlaşdıracaq regional atlasların əsasını təşkil edir.

Ölkənin Mədəniyyət Nazirliyi “proqnozlar” kimi tanınan rəqəmsal regional xəritələr də hazırlayır. Bu rəqəmsal xəritələr Afrikada qabaqcıl təşəbbüs olan arxeoloji ərazilərin tənəzzülünün qarşısını almaq üçün monitorinq sistemi yaratmağa və arxeoloji tədqiqatlar üçün prioritet sahələri müəyyənləşdirməyə kömək edəcək.

Arxeoloji xəritə həmçinin torpaqdan istifadənin planlaşdırılmasında və mədəni turizm layihələrinin inkişafında mühüm rol oynayacaq.

Qeyd edək ki, Mərakeş Azərbaycanla da turizm əlaqələrini genişləndirmək niyyətindədir. Avqustun 28-də iki ölkə arasında vizadan azad edilmə haqqında saziş qüvvəyə minəcək ki, bu da qarşılıqlı səyahəti təşviq edəcək.

Vüqar Orxan