Avqustun 13-də Əməkdar artist Mansur Mansurovun anadan olmasının 80-ci ildönümü tamam oldu. O, ömrünün 50 ilini Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına həsr etmişdi...

Mansur Əbdül oğlu Mansurov 1944-cü il avqustun 13-də Bakıda anadan olub. Bakı Kitabxanaçılıq Texnikumunda təhsil alıb. Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında aktyor-rejissor kimi çalışıb.

1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Teatrın səhnə ustası olub. Repertuarın əsasını təşkil edən tamaşalarda iştirak edib. “Tıq-tıq xanım” tamaşasında Siçan bəy, “Dədə Qorqud” tamaşasında Ağsaqqal, “Səfərin nağılı”nda Rəmmal, “Ələddinin sehrli çırağı”nda Cin, “Bu ev kimin evidir?” tamaşasında Kirpi, “Meşə nağılı”ında Dələ, “Üç gombul”da Tibul, “Keçinin qisası” tamaşasında Qurd, “O olmasın, bu olsun”da Məşədi İbad, “Sehrli güzgü”də Zalım, “Məlikməmməd”də Məlikməmməd, “Şahzadə Turandot” tamaşasında Briqela kimi onlarla rolu qeyd etmək olar.

O, həmçinin Azərbaycan Dövlət Kukla Teatrının heyətində Hindistan, İran, Rusiya və digər ölkələrdə qastrollarda, beynəlxalq festivallarda iştirak edib.

Mansur Mansurov 2020-ci il aprelin 22-də vəfat edib.