Bölgələrdə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə müxtəlif tədbirlər keçirilib.
Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Gənclər Günü ilə əlaqədar keçirilən tədbirdə əlamətdar günün tarixindən danışılıb. Bildirilib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il 12 avqustun dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunur.
Yardımlı rayon Mərkəzi Kitabxanasında “Gənclər cəmiyyətin aparıcı qüvvəsidir” mövzusunda dəyirmi masa keçirilib. Qeyd edilib ki, hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, ana dilimizi, ata-babalardan qalan adət-ənənələrimizi qoruyub yaşadır.
***
Şirvan Dövlət Rəsm Qalereyası və Gənclər evinin birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 30-dək yeniyetmə və gənc rəssam iştirak edib. Rəssamlar müxtəlif mövzulara həsr olunan əsərlər çəkiblər. Sonda qalib müəlliflər mükafatlandırılıblar.
***
Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi Kitabxanası “Azərbaycan dövlətinin gənclər siyasəti” adlı görüş keçirib. Qazax rayon Mədəniyyət Mərkəzində təşkil olunan görüşdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın gənclər siyasəti haqqında söz açılıb. Qeyd olunub ki, milli və dövlətçilik maraqları ilə inkişaf edib təkmilləşən gənclər siyasəti nəticəsində bu gün gənclərimiz Vətəninə, milli-mənəvi dəyərlərinə sədaqət ruhunda tərbiyə alırlar.
Tədbirdə gənclər şeirlər söyləyib, bilik yarışı təşkil edib, müxtəlif sahələrilə bağlı yeni kitablarla tanış olublar.
N.Məmmədli