“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair yekun siyahı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. O cümlədən 15 nəfər “Columbia University”, 7 nəfər “Harvard University”, 7 gənc “University of Cambridge” kimi nüfuzlu ali məktəblərdə oxuyacaq.
Xaricdə təhsil alacaq gənclərlə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.
Xatırladaq ki, daha öncə 2026-cı ilədək nəzərdə tutulan Dövlət Proqramının müddəti 2 il uzadılıb.
Prezident İlham Əliyev avqustun 12-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Dövlət Proqramına müvafiq dəyişikliklər edilib. Proqram üzrə xaricdə təhsil üzrə illik kvota 400 nəfərdən 500 nəfərədək artırılıb. Həmçinin Dövlət Proqramına doktorantura təhsili əlavə edilib.
İndiyədək Dövlət Proqramında xaricdə təhsil üzrə yerlərin ən azı 80 faizi magistratura səviyyəsini əhatə edib. Dəyişikliyə əsasən, 2025-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi ali təhsilin doktorantura səviyyəsini əhatə edəcək. Qalan yerlər magistratura səviyyəsi üçün nəzərdə tutulacaq.