7-15 avqust tarixlərində Litva Respublikasının Druskininskaı şəhərində X Beynəlxalq Teatr Festivalı keçirilib.
Festivalda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı da iştirak edib.
Yaradıcı kollektiv avqustun 13-də Ejen İoneskonun “Kral ölür” absurd komediyasını göstərib. Tamaşanın rejissoru Tural Mustafayevdir. Rolları Əməkdar artistlər Elxan Abbasov (Kral Beranje), Sevda Orucova (Qulluqçu), Kəmalə Məmmədova (Marqarita), İlham Hüseynov (Həkim), aktyorlar Gültəkin Mehtizadə (Mariya), Ruslan Hüseynov (Keşikçi) canlandırıblar.
Teatrdan verilən məlumata görə, festivalda Azərbaycanla yanaşı, Polşa, Slovakiya, Latviya, Ukrayna kimi ölkələr də təmsil olunub.
Tamaşadan sonra Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və səfirlik nümayəndələri aktyorlarla görüşüb və xatirə şəkli çəkdiriblər. Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı festivalın direktoru Mariya Tananaya ağacda yonulmuş, əl işi olan dahi şair Nizami Gəncəvi məqbərəsinin maketini hədiyyə edib.
Qeyd edək ki, Gəncə Dövlət Milli Dram Teatrı “Kral ölür” tamaşası ilə iyul ayında Portuqaliyanın Braqa şəhərində keçirilən festivalda iştirak edib və mükafata layiq görülüb.