18 avqust Azərbaycanda sərhədçilərin peşə bayramıdır. 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk sərhəd qoşun dəstəsi yaradılıb.
Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə avqustun 18-i Azərbaycanda “Sərhəd Qoşunları günü” elan edilib.
Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib. Prezident Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli sərəncamı ilə bu sahədə ayrıca qurum – Dövlət Sərhəd Xidməti (DSX) yaradılıb.
2020-ci ilin 44 günlük Zəfər salnaməsinə sərhədçilərimiz də qəhrəmanlıq töhfəsi veriblər. Artıq dördüncü ildir ki, onlar peşə bayramlarını ərazisi bütöv Azərbaycanın sərhədçiləri kimi ruh yüksəkliyi ilə qarşılayırlar.
Dövlət sərhəddən başlayır və bu gün sərhədçilərimiz Vətənin hüdudları keşiyində ayıq-sayıq dayanıblar.
Hər bir peşənin gələcəyi isə bu sahədə yetişən nəslin hazırlığından asılıdır. Sərhədçi günü ərəfəsində DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin Xüsusi məktəbində oxuyan uşaqlar da gün gələcək Vətənin sərhədləri keşiyində yerlərini alacaqlar.