Türk dünyasının ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Tanınmış türkiyəli yazıçı, ictimai xadim, pedaqoq, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu 16 avqust 2024-cü il tarixində, 58 yaşında vəfat edib.
Yaqub Öməroğlu 25 mart 1966-cı ildə Türkiyənin Şabanözü rayonunun (Çankırı vilayəti) Karakoçaş kəndində anadan olub. Həsənoğlu Atatürk pedaqoji liseyini və Ankara Universitetini bitirib.
Van Yüzüncü İl Universiteti, Türkiyə-Qazaxıstan Əhməd Yəsəvi Universiteti və Qazi Universitetində pedaqoji fəaliyyət göstərib. Eyni zamanda Türkiyə Baş Nazirliyi Aparatı, indiki Kənd Təsərrüfatı və Meşə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Bir sıra radio və televiziya kanallarında fəaliyyət göstərən Yaqub Öməroğlu eyni zamanda ədəbi yaradıcılıqla məşğul olub, maraqlı mövzularda hekayələr qələmə alıb. “Türküstan – Yəsəvinin şəhəri Yesi haqqında” adlı ilk kitabı 2003-cü ildə işıq üzü görüb.
Y.Öməroğlu 2004–2006-cı illərdə Türkiyə Yazıçılar Birliyinə rəhbərlik edib. 2006-cı ildə Türk dünyasının hər yerindən yazıçı və şairlərin toplandığı Avrasiya Yazarlar Birliyini yaradıb və ömrünün sonunadək qurumun başqanı olub.
Y.Öməroğlu bütün Türk dünyası ədəbiyyatının yaxın dostu və təbliğatçısı idi. Təsisçisi olduğu “Qardaş qələmlər” dərgisində Azərbaycan yazarlarının da əsərlərinə geniş yer verir, Avrasiya Yazarlar Birliyinin xətti ilə onların kitabları çap olunurdu.
Yazıçının vəfatı ilə əlaqədar Türk dünyasının yaradıcılıq təşkilatları tərəfindən nekroloqlar yayılıb. Azərbaycan Yazıçılar Birliyinin nekroloqunda deyilir:
“Azərbaycan ədəbiyyatının ən yaxın dostlarından, çox fəal təbliğatçılarından olan Yaqub Öməroğlu son 30 ildə ədəbiyyatımızın Türkiyədə və ümumtürk məkanında təbliği yönündə böyük işlərə imza atıb. Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitablarının çap edilməsində Yaqub Öməroğlunun xüsusi əməyi olub... Ədəbiyyatımızın təbliği yönündə xidmətlərinə görə Yaqub Öməroğlu Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatı ilə təltif edilib. 2021-ci ildə isə Türkiyədə və ümumtürk dünyasında Azərbaycan ədəbiyyatının təbliğinə verdiyi dəyərli töhfələrə görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Fəxri dostu" adına layiq görülüb.
Mərhum yazıçının ilk hekayələr kitabı da məhz Azərbaycanda nəşr edilib. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyi ilə "Qanun" nəşriyyatında işıq üzü görən “İki çinar” adlı kitabda Yaqub Öməroğlunun müxtəlif zamanlarda yazdığı hekayələri toplanıb. Kitab təkcə Azərbaycan və Türkiyədə deyil, ümumən Türk dünyasında böyük maraqla qarşılanıb.
Tanınmış yazıçı, ümumtürk ədəbiyyatının fədakar təbliğatçısı Yaqub Öməroğlunun vəfatından qəlbən kədərləndiyimizi bildirir, ailəsinə, sevənlərinə, oxucularına və bütün Türk dünyasına dərin hüznlə başsağlığı veririk. Yaqub Öməroğlunun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, onun adı bütün Türk dünyasında hər zaman ehtiramla anılacaq. Allah rəhmət eləsin”.