Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət olunub

 

Avqustun 17-də dünyada məşhur müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 82-ci ildönümü tamam oldu. Bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Mərasimdə Müslüm Maqomayevin ömür-gün yoldaşı Tamara Sinyavskaya da iştirak edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov, SSRİ Xalq artisti Tamara Sinyavskaya çıxış edərək Müslüm Maqomayevin parlaq yaradıcılığı barədə danışıb, onun doğma vətəni Azərbaycana qəlbən bağlı sənətkar olduğunu vurğulayıblar.

Çıxışlarda ötən əsrin 60-cı illərindən istedadı ilə geniş şöhrət qazanan M.Maqomayevin dünyanın məşhur konsert salonlarında anşlaqla keçən çıxışları və qastrol səfərlərindən, müğənniliklə yanaşı bəstəkar kimi də zəngin yaradıcılığından bəhs edilib.

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir.

Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev zəngin  və rəngarəng repertuara malik ifaçı idi. Qüdrətli sənətkar opera ifaçılığının ecazkar nümunələrinə vokalçı kimi öz möhürünü vurmaqla bərabər,  milyonlarla musiqisevərin rəğbətlə qarşıladığı mahnılar bəstələmişdi. Bizim üçün isə onun şah əsəri himnimiz qədər möhtəşəm səslənən “Azərbaycan” (“Baharlı yurdum”, söz: Nəbi Xəzri) mahnısıdır.

Müslüm Maqomayev 1997-ci ildə müstəqil Azərbaycanın “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif olunub. Unudulmaz sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib.