AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Sevinc Rəhnullanın “Şeyxülislam Əbdüssalam Axundzadə: həyatı, mühiti və dini-etik görüşləri” adlı monoqrafiyası işıq üzü görüb.

Görkəmli Azərbaycan alimi, pedaqoq, yazıçı Əbdüssalam Axundzadənin (1843–1907) həyatı və dini-ictimai fəaliyyəti ilk dəfə olaraq Azərbaycan Dövlət Tarix Arxivinin sənədlərindən, o XX əsrin əvvəllərində nəşr edilən çap “İrşad”, “Tərcüman”, “Həyat”, “Kaspi” kimi qəzet materiallarından istifadə edilməklə tədqiq olunub.

Monoqrafiyada Ə.Axundzadənin Qori Müəllimlər Seminariyasında müəllimlik, Qafqaz Müsəlmanları Ruhani İdarəsində şeyxülislamlıq fəaliyyəti və Əlyazmalar İnstitutunun xəzinəsindən əlyazmaları və daşbasma (litoqrafik) əsərləri aşkarlanıb tədqiqata cəlb olunmaqla elmi irsi, maarifçilik ideyaları, dini-pedaqoji və etik görüşləri kompleks şəkildə oxucuların nəzərinə çatdırılır.

Yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri professor Kamandar Şərifli və dosent Nailə Süleymanova, redaktoru institutun böyük elmi işçisi Yeganə Rəhnulladır.