İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 79-cu ildönümü ilə əlaqədar tədbir təşkil edib.
Tədbir indoneziyalılar tərəfindən “Indonesia Raya” dövlət himninin səsləndirilməsi və “Bayraq qaldırma mərasimi” ilə başlayıb.
Sonra 1945-ci ildə İndoneziyanın müstəqilliyinə nail olmaq üçün böyük fədakarlıq göstərmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə səfirliyin əməkdaşları, İndoneziya diasporunun üzvləri, Azərbaycandakı İndoneziya vətəndaşları da iştirak ediblər.
Həmçinin İndoneziyanın 79-cu Müstəqillik Günü çərçivəsində 2024-cü ilin iyul ayı ərzində keçirilən ənənəvi İndoneziya oyunlarının qalibləri üçün mükafatlandırma mərasimi baş tutub.
Tədbirdə İndoneziya mətbəxinin müxtəlif təamları və ənənəvi qəlyanaltıları qonaqlara təqdim edilib.
Qeyd edək ki, tədbir hökumətin bütün ölkə üzrə davamlı inkişaf və bərabərliyi təşviq edən, həmçinin yeni paytaxtı inkişaf etdirmək vizyonunu vurğulayan İndoneziyanın 79-cu Müstəqillik Gününün “Yeni Nusantara, Mütərəqqi İndoneziya” şüarının ruhunu əks etdirir.
İştirakçıların əksəriyyəti mərasimə İndoneziyanın ənənəvi geyimlərində qatılıblar. Mərasim xalqın və ölkənin rifahı, tərəqqisi üçün duaların oxunması ilə başa çatıb.