ABŞ-da Azərbaycan Evinin açılışı olub.

Virciniya ştatının paytaxt Vaşinqtona yaxın yerləşən Aleksandriya şəhərində yerləşən Azərbaycan Evinin açılışı mərasimində ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Açılış lentini komitə sədri Fuad Muradov kəsib. Daha sonra çıxış edən Azərbaycan Evinin həmtəsisçisi Ayan Əliyeva bildirib ki, Azərbaycan Evi-Azərbaycan Assosiasiyasının əsas məqsədi ilkin mərhələdə Azərbaycandan gələn, ABŞ-da doğulmuş uşaqlara doğma dilimizin tədris edilməsidir.

Onun sözlərinə görə, bu mərkəz Azərbaycan və Türk dünyası üçün mühüm rol oynayacaq.

Azərbaycan Evinin digər həmtəsisçisi Sevda Tahirli 5 ildir bu ideya üzərində iş apardıqlarını bildirib. Qeyd edib ki, uzun illər Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxinin təbliğatı istiqamətində gördükləri işləri artıq Azərbaycan Evi adı altında davam etdirəcəklər. O, əsas missiyalarının hər kəsin bir araya gələcəyi, problemlərini həll edəcəyi, güvənəcəyi bir məkan olması olduğunu diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın dövlət olaraq bu fəaliyyətləri hər zaman dəstəkləməyə davam edəcəyini bildirib. O vurğulayıb ki, Azərbaycan evlərinin funksional şəkildə fəaliyyət göstərməsi vacibdir və bu fəaliyyətlər əsasən icmanın istəkləri istiqamətində olmalıdır. Fuad Muradov avqustun əvvəllərində Laçında Diaspor Gənclərinin V Yay Düşərgəsinin keçirdiyini xatırladaraq gənclərin də bu fəaliyyətlərə qoşulmasının əhəmiyyətini qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev də səfirliyin azərbaycanlıların bu istiqamətdəki fəaliyyətlərinə dəstəyini ifadə edib.