Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə qardaş ölkənin bölgələrində milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliği, mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə tədbirlər və layihələr həyata keçirilir.
29 və 31 avqust tarixlərində Türkiyənin tarixi və turizm bölgələri olan Marmaris və Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirlər AMM-in layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə gerçəkləşəcək.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri Marmaris şəhərindəki qədim amfiteatr səhnəsində ənənəvi olaraq keçirilən “Elvedasız şarkılar” konsert proqramı ilə başlayacaq. Budəfəki konsert proqramında Azərbaycan və Türkiyə sənətçilərinin ifasında hər iki ölkənin musiqi və rəqsləri nümayiş olunacaq.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin davamı olaraq avqustun 31-də Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqres Mərkəzində “Azərbaycanın təsviri sənəti” mövzusunda sərgi açılacaq.
Sərgidə Azərbaycandan “FR Collection” tərəfindən kəlağayılar, milli geyimlərimiz nümayiş etdiriləcək, Azərbaycan qadın rəssamlarının əsərləri təqdim olunacaq.
Həmçinin Antalyada Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçiriləcək. Konsertdə Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdar artistləri Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc azərbaycanlı müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova, AMM-in Azərbaycan xalq rəqsləri ansamblı çıxış edəcəklər.
Bütün bunlarla yanaşı, AMM-in layihəsi ilə Antalyadakı Akdeniz Universitetində “Azərbaycanşünaslıq mərkəzi”nin təşkili məsələləri müzakirə ediləcək.