AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, şair, şərqşünas, pedaqoq və tərcüməçi, professor Şahin Fazil 18 avqust 2024 avqust tarixində vəfat edib.

Şahin Fazil (Şahin Fazil oğlu Fərzəliyev) 27 mart 1940-cı ildə Qubada anadan olub.

1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olub, 1964-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. O, 1963-1966, 1968-1970, 1978-1982 və 1985–1988-ci illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərib. 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini işləyib. 1970–1973-cü illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb, 1974-cü ildə namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası, 1996-cı ildə isə "Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1974–1978-ci illərdə həmin institutun Orta əsrlər tarixi şöbəsində elmi işçi vəzifəsində çalışıb. 1983–1985-ci illərdə institutun baş elmi işçisi olub.

Daha sonra Tarix İnstitutunda fəaliyyətini davam etdirən alim həmçinin Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində dərs deyib.

Professor Şahin Fazil 200-dən çox çapdan çıxmış elmi əsərin, o cümədən 40-dək elmi, bədii və tərcümə kitabının müəllifidir.

Allah rəhmət eləsin.