Avqustun 20-də dünyaşöhrətli dirijor və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin (Niyazi Tağızadə-Hacıbəyov; 1912–1984) anadan olmasının 112-ci ildönümü tamam olur.

Bu münasibətlə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun tabeliyində fəaliyyət göstərən Niyazinin Mənzil-Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.

Anım mərasimdə görkəmli sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb. Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafında müstəsna rol oynayıb.

Qeyd olunub ki, Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələri – “Rast” və “Şur” muğamlarını nota köçürən bəstəkar 1946-cı ildə gənc dirijorların baxış-müsabiqəsinin laureatı adını qazanıb. 1949-cu ildə ən məşhur əsəri “Rast” simfonik muğamını yazıb.

Maestronun Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb.

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olan sənətkar eyni zamanda 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayıb. Həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Adnan Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.

Bildirilib ki, bu gün Niyazinin adı dünyaşöhrətli dirijor və bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı yeni nəsil musiqiçilər üçün əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazinin sənət məktəbindən bəhrələnəcək.