Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən SSRİ Xalq artisti, görkəmli teatr və kino xadimi Adil İsgəndərovun (1910–1978) nadir fotoşəkilləri daxil olub.

Fotoşəkillərin ikisində “Azərbaycanfilm” kinostudiyasına yenicə direktor təyin edilən A.İsgəndərovun (1966–1974-cü ildə kinostudiyaya rəhbərlik edib) “İstintaq davam edir” (1966) bədii filminin çəkilişlərini şəxsən izləməsi əks olunub.

Ssenari müəllifləri Cəmşid Əmirov, Mixail Maklyarski, quruluşçu rejissoru Əlisəttar Atakişiyev, quruluşçu operatoru Əlihüseyn Hüseynov olan filmdə sovet təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından, Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən bəhs olunur.

Fotolarda aktrisalar Larisa Xələfova (Dilarə Bayramova) və Lyudmila Şlyaxturun (Tatyana Ostapenko) iştirakı ilə dəniz sahilində epizodun çəkilişini görürük.

Bundan əlavə, Dövlət Film Fondunun saytı və sosial media hesabları vasitəsilə Adil İsgəndərovun “Qanun naminə” (1968) filmində Kamilov obrazını canlandırarkən çəkilmiş kadrarxası görüntülər də yayımlanıb.

Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkilən (ssenari müəllifi və quruluşçu rejissor Muxtar Dadaşov, quruluşçu operator Əlihüseyn Hüseynov) filmdə görkəmli sənətkar əsas rollardan birini oynayıb.

Fotoşəkillər kinorejissor Muxtar Dadaşovun Film Fondunda qorunan şəxsi arxiv fonduna daxildir.

Qeyd edək ki, Adil İsgəndərovun “Azərbaycanfilm”ə rəhbərlik etdiyi dövrdə milli kinomuzun bir sıra dəyərli ekran əsərləri ərsəyə gəlib. O, həmçinin bu müddətdə çəkilən dörd bədii filmdə yaddaqalan rollar oynayıb.