Kinoya davakar-dalaşqan qəhrəmanlar, zorakı və muzdlu qatil rolları ilə gəlmişdi. İlk rollardan milyonlarla kinosevərin qəlbini fəth edə bilmişdi. Amma sadəcə aktyorluq məharəti ilə deyil. Oyunçuluğu ilə bərabər (bəlkə də daha çox), zahiri görünüşü ilə...

60–80-ci illər dünya kinosunun ulduzlarından olmuş, onilliklər sonra da xarizmasını saxlamağı bacarmış Alen Delon uzun sürən xəstəlikdən sonra, avqustun 18-də 88 yaşında vəfat etdi.

Parlaq mavi gözləri ilə gözəl görünüşünə görə bəzən onu “fransız Frank Sinatra” adlandırırdılar, amma bu müqayisə onun xoşuna gəlmirdi. Həmişə mafiya ilə əlaqəsini inkar edən Sinatradan fərqli olaraq, Delon yeraltı dünyadakı kölgəli dostlarını açıq şəkildə etiraf edirdi.

Delon Fransada və onun hüdudlarından kənarda ulduza çevrilmiş, Yaponiyada hətta bütləşdirilmişdi. Lakin Amerika kino nəhəngləri ilə bir filmdə oynamasına baxmayaraq, Hollivudda heç vaxt eyni uğuru əldə edə bilməmişdi.

Aktyor, rejissor, ssenarist Alen Delon (Alain Fabien Maurice Marcel Delon) 8 noyabr 1935-ci ildə Paris yaxınlığındakı Co qəsəbəsində doğulmuşdu. İtalyan rejissor Luçino Viskontinin iki filmi ilə (1960-cı ildə “Rokko və qardaşları”, 1963-cü ildə “Leopard”) məşhurlaşan aktyor sonra ard-arda filmlərlə şöhrətin zirvəsinə qalxmağa başladı: “Macəra axtaranlar”, “Polis əhvalatı”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü”, “Kazanovanın qayıtması”, “Tehran-43” və s.

Yeri gəlmişkən, 1979-cu ildə çəkilən, SSRİ, Fransa və İsveçrənin birgə istehsalı olan “Tehran-43” filminin bir sıra epizodları Bakıda lentə alınmışdı. SSRİ, ABŞ və Britaniya rəhbərlərinin İkinci Dünya müharibəsində ilk görüşündən və onlara qarşı planlaşdırılan sui-qəsdin qarşının alınmasından bəhs edən filmdə Alen Delon polis inspektorunu (Jorj Foş) oynamışdı.

Delon 2019-cu ildə insult keçirdikdən sonra səhhəti pisləşmişdi. Duşi qəsəbəsindəki mülkünü nadir hallarda tərk edirdi. Həmin il o, dünya kinematoqrafiyasında xidmətlərinə görə Kann Film Festivalının fəxri “Qızıl palma budağı” mükafatına layiq görüldü. Kino sahəsində başqa mükafatlar da almışdı: o cümlədən Berlin festivalının fəxri mükafatı (1995), İtaliyanın “David di Donartello” milli kino mükafatı (1972) və s.

Kinodan savayı, musiqiyə də böyük marağı vardı. Çəkildiyi bir neçə filmdə mahnıları özü oxumuş, bir neçə diski də çıxmışdı...

V.Kamal