Ərzurum festivalın səkkizinci dayanacağıdır

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin beynəlxalq marka dəyərinə töhfə vermək məqsədilə bu il 16 şəhərdə düzənlənən Mədəniyyət Yolu Festivalı 17–25 avqust tarixlərində Ərzurumda davam edir. Bu, festivalın səkkizinci dayanacağıdır.

Ərzurum Muzeyində keçirilən açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Ərzurum valisi Mustafa Çiftçi, digər rəsmilər, millət vəkilləri iştirak ediblər.

Festivalın növbəti mərhələsinin “xeyirli” olmasını diləyən Nadir Alpaslan Ərzurumun tarix və mədəniyyət şəhəri, ölkənin mühüm mərkəzlərindən biri olduğunu bildirib. “Doqquz gün ərzində burada Ərzurumun mədəniyyətindən, tarixindən, ənənəvi əl işlərindən tutmuş bütün mədəniyyət və incəsənət sahələrinə qədər tədbirlər keçiriləcək. Cəmiyyətimizin bütün təbəqələrinə mədəniyyət şöləni yaşatmaqla bərabər, şəhərimizin turizmdə daha da tanınmasına və cazibəsinə töhfə verəcəyik”, – deyə o əlavə edib.

Mədəniyyət Yolu Festivalının Ərzurumda ikinci dəfə keçirildiyini deyən nazir müavini   diqqətə çatdırıb ki, festival günlərində 50 məkanda ümumilikdə 500-ə yaxın tədbir nəzərdə tutulub: “Mədəniyyət Yolu Festivalı Dünya Festivallar Assosiasiyasına üzv olub. Ola bilsin ki, zaman keçdikcə dünyada tanınan ən böyük festivallardan birinə çevriləcək, Ərzurum da bunun ən mühüm mıəkanlarından biri olacaq”.

Vali Mustafa Çiftçi də festivalın əyləncəli keçməsini arzu edərək, “Ümid edirəm ki, bu il tədbirlər dolu keçəcək və şəhərimizdə çoxlu sayda yerli və xarici turisti qəbul edəcəyik”, – deyib.

Çıxışlardan sonra muzeydə fələstinli rəssam, karikaturaçı Naci əl-Əlinin sərgisinə və Ərzurum Yetişmə İnstitutunda “Ərzurumun ənənəvi toxuculuğu-ehram” sərgisinə baxış keçirilib.

Festivalın ilk günündə müğənnilər Oğuzhan Koç və Nurullah Akçayırın fərqli məkanlarda konsertləri, eləcə də Ərzurum qalası qarşısında qurulan səhnədə aşıqlar Erol Ergani, Mustafa Aydın, Əli Sərhati və Əmircanın çıxışları maraqla qarşılanıb.

Mədəniyyət Yolu Festivalının Ərzurum proqramına 28 konsert, 11 sərgi, 3 opera və 3 teatr tamaşası, 20-dək sənət emalatxanalarında görüşlər daxil olmaqla çoxsaylı tədbirlər daxildir.

Qeyd edək ki, Dünya Etnospor Konfederasiyası da türk xalqlarına xas ənənəvi idman növləri və oyunlarını Türkiyə Mədəniyyət Yolu Festivalında nümayiş etdirir. “Etno-Tır” (qoşqulu yük maşını) vasitəsilə festivala daşınan oyunlar ilk dəfə Nevşehirdə nümayiş etdirilib və festivalın qalan şəhərlərində də tədbir iştirakçıları ilə görüşəcək.

Xatırladaq ki, aprel ayında başlayan festival indiyədək Adana, Şanlıurfa, Bursa, Samsun, Trabzon, Van və Nevşehirdən keçib. Ərzurumdan sonra növbə Çanaqqalaya (31 avqust – 8 sentyabr) çatacaq. Mədəniyyət Yolunun sonrakı dayanacaqları Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir, İzmir və Antalya olacaq.

Vüqar Orxan