XIX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin ədəbi ənənələrini layiqincə davam etdirən şairlərdən biri də Qasım bəy Zakir olub. Ədəbiyyatımızda ictimai satiranın banisi hesab edilən şair zəngin yaradıcılığı ilə tənqidi realist fikrin inkişafına güclü təsir göstərib. Görkəmli maarifçi şairi anadan olmasının 240 illiyi münasibətilə yada saldıq.
Qasım bəy Əli bəy oğlu Zakir 1784-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. İlk təhsilini mollaxanada alır. Erkən çağlardan maarifə-mədəniyyətə maraq göstərir. Ərəb və fars dillərini öyrənir, Azərbaycanın böyük klassiklərindən M.Füzulinin və M.P.Vaqifin yaradıcılığı onun marağını daha çox cəlb edir. Gənc yaşlarından özü də şeirlər yazmağa başlayır.
Dövrünün ictimai-siyasi hadisələrinə ayıq nəzərlərlə baxan Q.Zakir XIX əsrin birinci yarısında formalaşmağa başlayan Azərbaycan maarifçi realizminin ilk sayılıb-seçilən nümayəndələrindən olub. Əsərlərində məzlum kütlələri öz məngənəsində sıxan hakim təbəqələri tənqid edib. O, əsərləri ilə oxuculara özünün ictimai fikir, arzu və istəklərini çatdırıb, günlərin birində zülmün bitəcəyinə inamını ifadə edib.
Mübariz şair ömrünün əsas hissəsini Qarabağ xanı Mehdiqulu xan tərəfindən ona bağışlanmış Xındırıstan kəndində keçirib. İyirmi evdən ibarət bu kəndin əkin yerləri və üzüm bağlarından gələn cüzi gəlirlə dolanan şair sadə bir ömür yaşayıb. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli onun haqqında yazılmış xatirələrə əsaslanaraq Q.Zakiri “xoşsurət, xoşsima... ucaqamətli... rəhmli və mürüvvətli bir adam” kimi səciyyələndirib.
Q.Zakirin yaradıcılığı ana dilimizin gözəlliyini, ifadə imkanlarını dolğun əks etdirdiyinə görə də qiymətli ədəbi mənbədir. Bu xüsusiyyətinə görə F.Köçərli şairi “Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirən və incələşdirən sənətkar” adlandırıb.
Şairin yaradıcılığında mənzum hekayələr mühüm yer tutur. Bu əsərlərin bir qismində məhəbbət, evlilik məsələlərindən danışılsa da, digər bir qismi tərbiyəvi əhəmiyyət daşıyır. Bəzilərində isə satirik-tənqidi mahiyyət özünü qabarıq şəkildə göstərir. İctimai eyibləri, insan təbiətindəki qüsurları bir sıra hallarda üstüörtülü şəkildə əks etdirən şair maraqlı təmsillər də yazıb. Bu əsərlərdə o, zülm və zorakılığın əleyhinə çıxıb. Hiylə və satqınlığı, ikiüzlülüyü pisləyib. Onun satira və başqa realist şeirlərinin ifşa obyekti şairin yaşadığı mühitin ictimai yaramazlıqlarıdır.
Müəllif təmsillərində xalqın canlı danışıq dilindən, xalq ədəbiyyatından məharətlə istifadə edib. Onun bir sıra fikirləri zərbi-məsələ çevrilib: “Quyruğun basdın ilanın”, “Kiçikdən xəta, böyükdən əta”, “Əvvəl suyu yoxla, sonra soyun”, “Bir paydan bir kişi doyar, gər bölünə, ikisin də ac qoyar”, “Yaxşı gündə mənəm-mənəm deyənlər”, “Ovu göydə alıb, göydə yeyənlər”, “Güclüyə nə duz, nə çörək”, “Heç adətdə yoxdur elçiyə zaval”, “El namusu elə düşər”, “Kürəyə düşməyən olmaz yumşaq” və s.
Q.Zakir çar ordusunun könüllü atlı əsgəri olub. 1806–1813, 1826–1828-ci il Rusiya-İran müharibələrində yaxından iştirak edib. Döyüşdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilib.
1829-cu ildə şairin oğlu xəstələnib vəfat edir. Bu itki şairi dərindən sarsıdır. Əsərlərinin birində oğlunun ölümündən doğan iztirablarını belə təsvir edir: “Həmişə Yaqub kimi qəm çəkirəm. Yusifin gedişindən dəli kimiyəm. Şam kimi əriyir, təkcə gecələr yox, gündüzlər də yanıram”.
Şair 1830-cu ildə könüllü polis dəstəsinin tərkibində Balakənə gedir. Cardakı üsyanların yatırılmasında iştirak edir. O, dostu Baba bəy Şakirə göndərdiyi “Car müqəddiməsi” adlı mənzum məktubunda Qarabağ atlılarının döyüşdə göstərdiyi şücaəti tərif edir. Bir qədər də özü haqda yazır. Gənclik illərini at belində, müxtəlif müharibələrdə və döyüşlərdə keçirdiyini xatırlayır...
Q.Zakir 1830-cu illərin sonlarında təsərrüfatla məşğul olur. Yay fəslini Şuşada, qalan fəsillərini isə Xındırıstan kəndində keçirir. Mənbələrin yazdığına görə, şair müasirləri arasında yüksək hörmət sahibi olub. Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşınlı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ədəbiyyat xadimləri və ziyalılarla, habelə gürcü knyazı İliko Orbeliani, Bakının general-qubernatoru Mixail Kolyubaki ilə məktublaşıb, onlarla ünsiyyət saxlayıb.
Zaman keçdikcə şairin dostları ilə yanaşı, düşmənləri də çoxalır. Günlərin birində şairi sevməyənlər onu müxtəlif bəhanələrlə günahlandırırlar. Haqsızlıqla üz-üzə qalan şair sürgün həyatı yaşamalı olur. Dostlarının, xüsusən də M.F.Axundzadənin səyi ilə sürgündən azad olunur və Şuşaya qayıdır. Lakin qoynunda doğulduğu bu gözəl yurdda sonrakı həyatını pristavın nəzarəti altında yaşamalı olur. Keçirdiyi sarsıntılar, çəkdiyi əzab-əziyyət onu üzüb əldən salır.
Araşdırmalarda qeyd edilir ki, görkəmli şairin hələ sağ ikən dərin məna kəsb edən əsərləri müasirləri tərəfindən maraqla qarşılanır. Görkəmli maarifçi A.O.Çerniyayevski 1888-ci ildə Tiflisdə nəşr etdirdiyi “Vətən dili” dərsliyində Q.Zakirin əsərlərinə də yer ayırır. Dərsliyə müəllifin “Aslan, qurd və çaqqal”, “Tülkü və qurd” təmsillərini, “Dərviş və fəqir”, “Dəvəsi itən kəs” adlı mənzum hekayələrini daxil edir. F.Köçərli də 1912-ci ildə nəşr etdirdiyi “Balalara hədiyyə” dərsliyində Q.Zakirin əsərlərindən istifadə edib. O, dərsliyə “Durnalara xitab” başlığı altında müəllifin məşhur “Durnalar” rədifli qoşmasını və “Tülkü və qurd”, “Dəvə və eşşək”, “Tülkü və şir”, “Dəvə ilan və tısbağa”, “Tısbağa, qarğa, kəsəyən, ahu” alleqorik əsərlərini salıb.
Azərbaycan ədəbiyyatında maarifçi realist fikrin formalaşması və inkişafına töhfələr vermiş Qasım bəy Zakir 1857-ci ildə Şuşada vəfat edib, Mirzə Həsən qəbiristanlığında dəfn olunub.
Savalan Fərəcov