Mənzil-muzeyində Niyazinin xatirəsi anılıb
Avqustun 20-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin anadan olmasının 112-ci ildönümü münasibətilə sənətkarın mənzil-muzeyində tədbir təşkil edilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı olan mənzil-muzeyin əməkdaşları iştirak ediblər.
Qonaqlar əvvəlcə muzeyin foyesində hazırlanmış “Niyazi – 112” sərgisi ilə tanış olublar.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin maestro Niyazi haqqında fikirlərinin yer aldığı videoyazı nümayiş olunub.
Niyazinin Mənzil-Muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsi və təbliğindəki müstəsna rolundan danışıb. Bildirib ki, muzey eksponatlarla zəngindir: “Niyazinin həyat və yaradıcılığına nəzər salmaq üçün muzeyin kifayət qədər zəngin bazası var. Onun həyatının müxtəlif illərini özündə əks etdirən fotolar, əşyaları, əsərlərinin əl yazısı muzeydə qorunub saxlanılır”.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru Xalq artisti Gülnaz İsmayılova ("Arzu" romansı), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımov ("Vətən nəğməsi") və başqalarının ifalarında Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Niyazinin qohumu Sahib Qədimov jurnalistlərə açıqlamasında deyib ki, qədirbilən xalqımız Niyazini xatirəsini bu gün də ehtiramla yad edir: “Mən çox sevinirəm ki, maestro unudulmur. Çünki o, bənzərsiz sənətkar idi. Təəssüf ki, bir çox gənclərimiz Niyazini yaxşı tanımır. Buna görə də məktəblilərin və tələbələrin bu muzeyə ekskursiyası təşkil edilsə faydalı olar”.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova deyib ki, Niyazi Azərbaycan mədəniyyətinin böyük nümayəndələrindəndir. O, ömrünün sonuna qədər Azərbaycanın musiqi mədəniyyətinə ləyaqətlə xidmət edib.
Qeyd edək ki, unudulmaz sənətkarın doğum günündə (20 avqust) mənzil-muzeydə “açıq qapı” elan olunub.