“Türk dünyasının ən yaxşı muzeyi”

 

TÜRKSOY təşkilatı Almatı Muzeylər Birliyini mükafatlandırıb. Şəhər administrasiyasından bildiriblər ki, “Best Museum of the Turkic World” (“Türk dünyasının ən yaxşı muzeyi”) mükafatı Qazaxıstanın keçmiş paytaxtının muzeyşünaslarının milli dəyərlərin və tarixi-mədəni irsini həm ölkədə, həm də onun hüdudlarından kənarda təbliği sahəsində fəaliyyətinə görə verilib.

TÜRKSOY-un baş katibi Sultan Raev Almatı Muzeylər Birliyinin əməkdaşlarına ünvanlandığı müraciətdə deyib: “Almatı muzeyləri son iki ildə çox böyük işlər görüblər. İstanbul, Seul, Praqa, Neapol, Vyana və digər şəhərlərdə Qazaxıstan köçərilərinə həsr olunmuş səyyar sərgilər təşkil olunub. Sənət və tarix qədri bilənlər sizin təqdim etdiyiniz eksponat və artefaktlara heyran qalırlar. Beləliklə, siz qazax mədəniyyətini xaricdə təbliğ edir, turistləri öz ölkənizə cəlb edir, Türk dünyasında muzey araşdırmaları sahəsində fəaliyyəti inkişaf etdirirsiniz...”.

Almatı Muzeylər Birliyinə Xalq Çalğı Alətləri Muzeyi, Ahmet Baytursınulı, S.Mukanov, Q.Musrepov,  N.Tlendiyev və D.A.Kunayevin memorial muzeyləri, Ənənəvi Musiqi Multimedia Mərkəzi, Almatı şəhərinin Tarix Muzeyi daxildir.

Məktəbyaşlı uşaqlar bu muzeyləri ödənişsiz ziyarət edə bilərlər. Birlik  tərəfindən son iki ildə 7  beynəlxalq sərgi təşkil olunub və əməkdaşlığa dair 15 beynəlxalq memorandum imzalanıb.

Gülcahan