Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyasının (BTA) təşkilatçılığı, Türkiyə Elmlər Akademiyası (TÜBA), Türk Dil Qurumu (TDK) və Əhməd Yəsəvi Universitetinin dəstəyi ilə Türk dünyasının gənc alimləri üçün yay məktəblərinin açılışı olub.
BTA-dan bildirilib ki, açılış mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜBA-nın prezidenti Müzəffər Şəkər, Türk Dil Qurumunun sədr müavini Harun Şahin, Əhməd Yəsəvi Universitetinin rektoru Janar Temirbekova, bir sıra ölkələrdən alimlər iştirak ediblər.
Şahin Mustafayev Türk dünyasının gənc alimləri arasında elmi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Builki yay məktəbinin özünəməxsusluğunu vurğulayan akademiya prezidenti bildirib ki, “Türkologiya” və “Yeni enerji texnologiyaları” adlı iki yay məktəbi ilk dəfə olaraq birləşdirilir. Bu sahələrin birləşdirilməsi türk xalqları arasında həm mədəni, həm də elmi əlaqələrin əhəmiyyətini simvollaşdırır.
“Türkologiya” yay məktəbində Azərbaycan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna, Monqolustan, Türkiyə və Şimali Makedoniyadan 28 gənc alim iştirak edir. “Yeni enerji texnologiyaları” yay məktəbində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Albaniya və Türkiyədən 21 nəfər iştirak edir. Onlara türk ölkələrindən tanınmış alimlər mühazirə oxuyacaqlar.
“Türkologiya” yay məktəbi proqramı türk xalqlarının tarixini, arxeologiyasını, dilini və ədəbiyyatını dərindən araşdırmaq məqsədi daşıyır. Əsas mövzulardan biri Türk dünyası anlayışını formalaşdıran ilk elmi əsər olan “Divanü lüğat-it-türk” araşdırması olacaq.
“Yeni enerji texnologiyaları” məktəbinin məqsədi isə iştirakçılara enerji sahəsində ən son yeniliklər, çağırışlar və perspektivlər haqqında hərtərəfli məlumat verməkdir.