Mədəniyyət Yolu Festivalı çərçivəsində TÜRKSOY tərəfindən təşkil olunub

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY avqustun 19-da Ərzurum şəhərində “Türk dünyası konserti” təşkil edib.

Konsert Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən Mədəniyyət Yolu Festivalı çərçivəsində gerçəkləşib. Ölkənin ümumilikdə 16 şəhərini əhatə edən festivalın növbəti mərhələsi 17–25 avqust tarixlərində Ərzurumda davam edir.

Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sənətçiləri ərzurumlu sənətsevərlər qarşısında bir səhnəni bölüşüblər.

TÜRKSOY-un saytında yayılan məlumatda vurğulanır ki, İbrahim Erkal Dadaş Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə Azərbaycanın “Şuşa” musiqi qrupunun ifa etdiyi mahnılar, Qazaxıstanın “Kazına” və Qırğızıstanın “Keremet” rəqs ansambllarının rəngarəng çıxışları, Özbəkistanın Fərqanə Filarmoniyası solistlərinin rəqs və musiqi nömrələri tamaşaçılara xoş anlar yaşadıb.

TÜRKSOY-un nümayəndəsi Melik Özsöz çıxışında təşkilatın baş katibi Sultan Raevin salamlarını iştirakçılara çatdıraraq Türk dünyasının mədəni zənginliyini bir-birimizə tanıdan və mənəvi birliyi gücləndirən bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

V.Orxan