Olaylar, faktlar (23 – 27 avqust)

 

953 il əvvəl...

 

26 avqust 1071-ci ildə Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusu ilə Bizans imperatoru Romen Diogenin qoşunları arasında Malazgird döyüşü (Türkiyənin Muş vilayətinin ərazisi) baş verib. Alp Arslanın 50 minlik süvari ordusu bizanslıların 200 minlik qoşunu üzərində qələbə çalıb. Bu qələbədən sonra türklərin Səlcuqlu dövləti Qafqaz-Yaxın Şərq regionunda hegemon gücə çevrilib.

 

510 il əvvəl...

 

23 avqust 1514-cü ildə Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Sultan I Səlimin (Sultan Səlim Yavuz) başçılıq etdiyi Osmanlı ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib. Səfəvi ordusu məğlub olub. Çaldıran döyüşündə qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali Mesopotamiyanı (indiki Şimali İraq) ələ keçirib. Məğlubiyyət Səfəvilərin hərbi-siyasi nüfuzuna ağır zərbə vurub.

 

452 il əvvəl...

 

24 avqust 1572-ci ildə tarixə dəhşətli qətliamlardan biri kimi düşmüş “Varfolomey gecəsi” baş verib. Həmin gecə (Müqəddəs Varfolomey günü ərəfəsində) Parisdə katoliklər protestant təriqətinə mənsub olan quqenotları kütləvi şəkildə qətlə yetiriblər. Kraliça Katerine Mediçinin əmri ilə həyata keçirilən qırğında, müxtəlif tarixi qaynaqlara görə, Parisdə 3 min, ümumilikdə Fransada 30 minədək quqenot məhv edilmişdi.

 

446 il əvvəl...

 

24 avqust 1578-ci ildə Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (birinci mərhələ 1555-ci ildə Amasya sülhü ilə yekunlaşmışdı) başlanıb. Çıldır döyüşündə Səfəvi qoşunlarına qalib gələn Osmanlı qüvvələri Tiflisi ələ keçiriblər. Lakin bir qədər sonra (sentyabr) Səfəvi qoşunları Tiflisi geri alıb, Osmanlı ordusunun şimal-qərbi Azərbaycan torpaqlarına irəliləməsinin qarşısı alınıb.

 

33 il əvvəl...

 

27 avqust 1991-ci ildə Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə Lenin adına meydanda Vladimir Leninin heykəli sökülüb. Meydana Azadlıq adı verilib.

 

31 il əvvəl...

 

23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini və kəndlərinin böyük hissəsini işğal edib. Həmin ilin oktyabrında hər iki rayon bütünlüklə işğal altına düşdü. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzulinin Arazboyu kəndlərini və Horadiz qəsəbəsini düşməndən azad etdi. 2016-cı ilin Aprel döyüşləri sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurda qayıtdılar. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl (4 oktyabr) və Füzuli (17 oktyabr) şəhərləri, hər iki rayonun bütün kəndləri işğaldan azad edildi.

 

22 il əvvəl...

 

24 avqust 2002-ci ildə Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilib. Referendum aktında Konstitusiyanın 24 maddəsi üzrə 39 dəyişiklik (o cümlədən zərurət yarandığı halda Prezident səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi) təklif olunmuşdu. Rəsmi nəticələrə əsasən, dəyişikliklərin lehinə (ayrı-ayrı bloklar üzrə) 96-97 faiz səs verilmişdi.

Hazırladı: V.Orxan