Britaniyalı milyarderin yaxtası bir dəqiqə içində suya qərq olub

 

59 yaşlı britaniyalı milyarder Mayk Linç İtaliyanın Palermo şəhərinin sahil zolağında sahibi olduğu lüks yaxtanın batması nəticəsində ölüb.

56 metr uzunluğunda yaxta avqustun 19-da yerli vaxtla səhər saat 5 radələrində güclü fırtına zamanı batıb. O, sahildən təxminən 800 metr uzaqda lövbər salıbmış. Hadisə şahidlərinin bildirdiyinə görə, yaxta cəmi bir dəqiqə içində sulara qərq olub.

Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı yaxtada olan 22 nəfərdən 15-i xilas edilib, bir nəfərin (şef-aşpaz) meyiti tapılıb. Mayk Linç və qızı Hanna, “Morgan Stanley International” bankının rəhbəri Conatan Blumer, Mayk Linçin vəkili Kris Morvillo və onların həyat yoldaşları itkin düşüblər. Avqustun 21-də dalğıclar dənizin 50 metr dərinliyində olan yaxtanın kayutlarından Linçin və daha dörd nəfərin cəsədini çıxarıblar.

Mayk Linç “Autonomy” proqram təminatı şirkətinin həmtəsisçisi olub. O, 90-cı illərdə sürətlə böyüyərək Böyük Britaniyada aparıcı mövqeyə çıxan şirkəti 2011-ci ildə informasiya texnologiyaları nəhəngi “Hewlett-Packard”a (ABŞ) 11 milyard dollara satıb. Linç bu satışdan 647 milyon dollar (500 milyon funt-sterlinq) mənfəət əldə edib. Ancaq bir il sonra “Hewlett-Packard” onun “Autonomy” şirkətinin dəyərini şişirtdiyini deyib və uzun məhkəmə çəkişməsi başlayıb. Linç 2022-ci ildə mühakimə olunmaq üçün ABŞ-yə ekstradisiya edilib. Proses bu ilin iyun ayında onun bəraət alması ilə yekunlaşmışdı.

***

2024-cü ilin əvvəlindən Aralıq dənizində mindən çox mühacir ölüb və ya itkin düşüb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatında bildirilir.

Qeyd olunur ki, bu ilin yanvarından avqustadək Aralıq dənizi marşrutu üzrə qaçaq yolla Avropaya getmək istəyən 14 minə yaxın miqrant saxlanılaraq Liviyaya geri qaytarılıb.

Qeyd edək ki, son illərdə on minlərlə insan daha yaxşı həyat üçün Aralıq dənizindən keçərək “köhnə qitəyə” üz tutmağa cəhd göstərir. Mərkəzi Aralıq dənizi marşrutu ən təhlükəli miqrasiya marşrutu hesab olunur.