İran Prezidenti Məsud Pezeşkian tərəfindən etimad səsverməsi üçün təqdim edilən yeni hökumət kabineti siyahısı parlamentdə (İran İslam Respublikası Məclis) təsdiqlənib. Parlament hökumətin tərkibinə ilk dəfədən (bir səsvermə ilə) etimad göstərib.

Əvvəlki hökumət kabinetindən bir nəfər – kəşfiyyat naziri İsmail Xətibi vəzifəsində qalıb.

Xarici işlər naziri postuna təsdiqlənən Abbas Əraqçı 2017–2021-ci illərdə nazir müavini olub və ölkənin nüvə proqramı ilə bağlı danışıqlara rəhbərlik edib.

İndiyədək İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsini icra etmiş general-mayor Əziz Nəsirzadə müdafiə naziri təyin edilib. Onun mənşəcə türk (azərbaycanlı) olduğu bildirilir.

Müdafiə nazirinin keçmiş müavini Möhsün Paknejad neft naziri, Mərkəzi Bankın keçmiş rəhbəri Abdulnəsir Həmmati iqtisadiyyat naziri vəzifəsinə təsdiqlənib.

İlk dəfə İranın hökumət kabinetində qadın yer alıb. Fərzanə Sadiq yol və şəhərsalma naziri təyin edilib.