İtaliyanın Florensiya şəhərində 1375-ci ildə inşa edilən və şəhərin simvolu sayılan “Veççio” körpüsünə adlarını yazan iki alman turist 40 min avro məbləğində cərimələnib.
Polis tarixi körpüyə qara flomasterlə adlarını yazarkən 21 və 23 yaşlı iki turisti yaxalayıb. Yerli bələdiyyə mədəni irsin zədələnməsi və ya məhv edilməsi ilə mübarizə məqsədilə qəbul edilən yeni qanunla iki turistə maksimal məbləğdə cərimə tətbiq edildiyini açıqlayıb.
Bələdiyyənin təhlükəsizlik üzrə məsul üzvü Andrea Giorgio şəhərin tarixi irsinə xələl gətirən turistlərə ilk dəfə belə yüksək cəza verildiyini qeyd edib. O, Florensiyaya gələn hər kəsin şəhərin abidələrinə hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
Florensiya Bələdiyyəsi ötən ilin aprelində tarixi körpünün 2 milyon avro dəyərində yenidən bərpası layihəsinə başlayıb.