Oktyabrın 2-dən 6-dək Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda 7-ci “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Assosiasiyadan bildirilib ki, bu il festivala 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil olub. Demetrios Poursanidis (Yunanistan), Nitya Ramlogan (ABŞ), Nəzrin Ağamalıyeva, Elşən Cəbrayılzadə, Məsud Alısoy, Vəfa Piriyevanın (Azərbaycan) təmsil olunduğu festivalın seçim komissiyası 18 ölkədən 48 filmi müsabiqə proqramına salıb. Onlardan 12-si yerli, 36-sı isə beynəlxalq kateqoriyalarda yarışacaq.
Müsabiqədə iştirak edəcək filmlər arasında həm bu sahədə öz sözünü demiş peşəkar animatorların, həm də animasiya dünyasına yeni daxil olmuş istedadlı gənclərin filmlərini görmək mümkün olacaq.
Filmləri bilavasitə müsabiqə proqramında qiymətləndirəcək beynəlxalq münsiflər heyətinin üzvləri yaxın zamanda açıqlanacaq.
Qaliblər üçün nəzərdə tutulan mükafatlar: beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi” (“Grand Prıx”), Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”; yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi”, “Tamaşaçı rəğbəti” mükafatı və “Tərəfdaşların xüsusi mükafatları”.
7-ci “Animafilm”in proqramı və bilet satışı haqqında məlumat sentyabrda elan ediləcək.