Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni mövsümdə maraqlı layihələrlə teatrsevərlərin görüşünə gələcək.

Mövsümün açılışı ənənəyə uyğun olaraq, 18 sentyabr – Milli Musiqi Günündə reallaşacaq. Həmin gün teatrsevərlərə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) tamaşası təqdim olunacaq.

Teatrda “Üzeyir Hacıbəyli həftəsi” çərçivəsində həmçinin növbəti üç gündə dahi bəstəkarın “Leyli və Məcnun” (quruluşçu rejissor və libretto müəllifi Samir Qulamov), “Ər və arvad” (quruluşçu rejissor Yusif Əkbərov), “Arşın mal alan” (quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev) tamaşaları nümayiş olunacaq.

Bundan əlavə, sentyabrın 22-də “Nəğməmə inan” (Polad Bülbüloğlu, Mixail Şerbaçenko; quruluşçu rejissor Cavid İmamverdiyev), 28-də “Qızıl toy” (Oqtay Kazımi, Ramiz Heydər;  quruluşçu rejissor Yusif Əkbərov), 29-da “Bəxtiyar” (musiqi: Tofiq Quliyev; səhnələşdirən və quruluşçu rejissor Cavid İmamverdiyev) səhnə əsərləri oynanılacaq.

Teatrda ötən mövsümdə hazırlığına başlanılan tamaşalar üzərində işlər də davam edir.

Bu sırada “Bir qalanın sirri” (Rauf Hacıyev, Məmmədhüseyn Təhmasib; quruluşçu rejissor Elməddin Dadaşov), “Əliqulu evlənir” (Oqtay Rəcəbov, Sabit Rəhman; quruluşçu rejissor İlham Namiq Kamal), “Palata” (Anton Çexov; quruluşçu rejissor Ər-Toğrul Kamalov) və “Killerdən teleqram” (Pərviz Seyidli; quruluşçu rejissor Zaur Əliyev) tamaşaları var.