Türkiyənin tanınmış aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edəcək.

Tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.

İkipərdəli səhnə əsəri gündəlik qayğıların cansıxıcılığında itib-batan Şerli Valentinin həyat hekayəsidir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır...

Tamaşaya Sumru Yavrucuk özü quruluş verib. Türkiyədə teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan S.Yavrucuk “Yabancı damat”, “Fatmagülün suçu nə?”, “Evlilik haqqında hər şey”, “Şahanə həyatım” kimi seriallarda da yaddaqalan obrazlar canlandırıb.

“Şerli Valentin” (Shirley Valentine) ingilis dramaturqu və bəstəkarı Vilyam Rasselin (William Russell) pyesidir. Əsər əsasında eyniadlı film (1989, rejissor Lewis Gilbert) də çəkilib.