Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin komandaları arasında COP29-a həsr olunmuş “Mədəniyyət fəalı” adlı bilik yarışı keçirilib.
İsmayıllı rayon Heydər Əliyev adına parkda gerçəkləşən tədbirdə Ağsu, Qobustan, Şamaxı, İsmayıllı rayonlarının hər birindən iki komanda olmaqla, ümumilikdə 8 komanda iştirak edib. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Teymur Əzizin layihəsi əsasında keçirilən bilik yarışında Qobustanın “Zəfər” komandası I, Şamaxının “Yurd” komandası II, İsmayıllının “Mütaliəçilər” komandası isə III yeri tutub.
Qaliblər regional idarə tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Tədbir çərçivəsində rayon mərkəzində ayrılmış sahədə iştirakçılar tərəfindən müxtəlif ağac tingləri əkilib.