“YAŞAT” Fondu yarandığı gündən etibarən bir çox sosial layihələr həyat keçirir. Onlardan biri də Naxçıvanda təşkil olunan “Yay düşərgəsi”dir. Düşərgədə 44 şəhid övladı iştirak edir ki, onlardan 9-u qardaş Türkiyədən dəvət olunub.
“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu barədə avqustun 22-də Ağbulaq istirahət mərkəzində Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün “Yay düşərgəsi”nin açılış mərasimində jurnalistlərə müsahibəsində söyləyib.
Layihə “YAŞAT” Fondunun təşkilatçılığı, “Azərbaycan Hava Yolları” QSC-nin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və digər qurumların tərəfdaşlığı, “Nar”ın sponsorluğu ilə həyata keçirilir. Düşərgə dörd gün davam edəcək.
Fondun rəhbəri qeyd edib ki, Ağbulaq istirahət mərkəzi qış turizmi infrastrukturuna da malikdir. Şəhid övladları üçün qarşıdakı aylarda qış fəslində düşərgənin təşkili də planlaşdırılır.