Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün təşkil edilmiş növbəti qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən şəxslərə Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi dövlət nümunəli sertifikatlar verilib.
Agentlikdən bildirilib ki, Qəbələ rayonunda məskunlaşan 84 nəfər məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı-mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisindəki məcburi köçkünlər arasında aparılmış sorğulara əsasən müəyyən edilib.
Kursların müddəti 3 ay olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 10 həftədə nəzəri biliklər əldə edərək istehsalat təlimində iştirak edir, sonuncu iki həftədə isə istehsalat təcrübəsinə cəlb olunurlar. Bu kurslar doğma yurdlarına qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.
Təlimləri bitirən 84 nəfərdən 36 nəfəri artıq işlə təmin edilib.
Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda 8 peşə təhsili müəssisəsinin qurulması, o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.