Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tibb xidməti leytenantı Adil Əfəndiyevin doğum günü münasibətilə şəhidin ailəsini ziyarət ediblər.

Görüş zamanı Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından, şəhid Adil Əfəndiyevin yaralılara tibbi yardımlarından söz açılıb.

Adil Qədir oğlu Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı N saylı hərbi hissənin qərargah və təchizat bölüyü tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edib.

Tibb xidməti leytenantı Adil Əfəndiyev 2020-ci ilin Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 22-də tibbi xidmətini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Qazax şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, Şuşa, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.