Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib.
Qurumdan bildirilib ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, erməni işğalı nəticəsində doğma torpaqlarından didərgin düşən soydaşlarımızın üzləşdikləri çətinliklər, onların problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər, həmçinin Vətən müharibəsindən sonra yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərə qayıdışın gedişi və perspektivləri barədə məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə öz doğma yurdlarına qayıdışının başlandığı bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların problemlərinin həllinə daim dəstək göstərdiyi qeyd edilib.
Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla icra olunduğu, işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə indiyədək 8 min nəfərin köçürüldüyü diqqətə çatdırılıb. Həmin ərazilərdə işğal dövründə ermənilərin yerləşdirdiyi mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin qayıdışa ciddi maneə olduğu vurğulanıb.
Helsinki Universitetinin professoru Jan Erik Enestam ölkəmizdə ikinci dəfə qonaq olduğunu, ilk gəldiyi zamanla – 1980-ci illərlə müqayisədə əsaslı dəyişikliklərlə qarşılaşdığını, ölkəmizdəki inkişafın və tərəqqinin bütövlükdə nümayəndə heyətini təəccübləndirdiyini deyib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və dəstəyi ilə ölkəmizə səfərə gəlmiş nümayəndə heyətinə Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, “Hymy” jurnalının redaktor müavini Antero Eerola və başqaları daxildir.