Xəbər verdiyimiz kimi, V Dünya Köçəri Oyunları bu il sentyabrın 8-dən 13-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Qazaxıstanın turizm və idman naziri Yermek Marjikpayev AZƏRTAC-ın müxbirinə müsahibəsində V Dünya Köçəri Oyunlarına hazırlıq, tədbirin ölkə üçün əhəmiyyəti, idmanın və xalqlar arasında mədəni mübadilənin inkişafında rolu ilə bağlı fikirlərini bölüşüb.
Nazir bildirib ki, Dünya Köçəri Oyunları türk mənşəli xalqları bir araya gətirən ənənəvi idman növləri üzrə yarışmaq, eləcə də mədəni kimlikləri nümayiş etdirmək üçün unikal beynəlxalq tədbirdir. Qazaxıstanın ev sahibi edəcəyi budəfəki Oyunlarda idmançılar, məşqçilər və mədəniyyət heyətləri də daxil olmaqla minlərlə nümayəndənin iştirakı gözlənilir. İştirakçılar arasında 80-dən çox ölkənin, o cümlədən Azərbaycanın təmsilçiləri olacaq.
Qazaxıstan naziri Dünya Köçəri Oyunlarının Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində əməkdaşlığa da əlavə zəmin yaradacağını deyib: “Oyunlarda iştirak etməklə TDT ölkələri milli mədəniyyətlərinin qorunub saxlanılmasına və inkişafına sadiq olduqlarını nümayiş etdirirlər ki, bu da onların mədəni köklərinə hörmət edən və dəstəkləyən dövlətlər kimi beynəlxalq arenada imicini gücləndirir. O cümlədən Azərbaycan üçün Oyunlarda iştirak mədəniyyətinin zənginliyini, ənənəvi güləş, muğam və milli rəqslər kimi elementləri nümayiş etdirmək imkanıdır. Bu, həm də beynəlxalq mədəni əməkdaşlığın inkişafı və digər türk xalqları ilə möhkəm əlaqələrin qurulması istiqamətində mühüm addımdır”.
Yermek Marjikpayev Dünya Köçəri Oyunlarının Mərkəzi Asiya regionunda turizmin inkişafına təsirini də yüksək qiymətləndirib: “Oyunların kütləvi informasiya vasitələrində işıqlandırılması sayəsində bölgəyə maraq xeyli artır ki, bu da köçəri xalqların adət-ənənələri ilə tanış olmaq və nadir mədəni tədbirlərdə iştirak etmək istəyən turistlərin axınına töhfə verir. Keçirilən mədəni tədbirlər – ənənəvi sənətkarlıq üzrə ustad dərsləri, eləcə də köçəri mədəniyyəti ilə bağlı tarixi yerlərə ekskursiyalar yeni turizm marşrutları və məhsulları formalaşdırır. Bu, bölgənin turizm təkliflərini genişləndirir və daha çox ziyarətçi cəlb edir. Etnoqrafiya və mədəniyyətlə maraqlanan turistlər üçün ənənəvi idman növləri, xalq rəqsləri, musiqi və əl işlərini canlı izləmək imkanı diqqəti cəlb edir. Dünya Köçəri Oyunları bu turizm növü üçün unikal platforma yaradır ki, bu da onun regionda böyüməsini stimullaşdıracaq”.
Qeyd edək ki, Dünya Köçəri Oyunları ilk dəfə Qırğızıstanın təşəbbüsü ilə 2014-cü ildə keçirilib. Qırğızıstan 2016-cı və 2018-ci illərdə (Çolpon-Ata şəhəri) növbəti Dünya Köçəri Oyunlarına ev sahibliyi edib. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu tədbiri qəbul etməyə hazır olduqlarını bildirib. 2020-ci ilə nəzərdə tutulan, lakin pandemiya səbəbindən ertələnən IV Dünya Köçəri Oyunları 29 sentyabr – 2 oktyabr 2022-ci il tarixlərində Bursanın İznik bölgəsində təşkil olunub. İdman, incəsənət, ənənəvi xalq oyunlarının bir arada təqdim edildiyi bu tədbirlərdə Azərbaycan da geniş heyətlə təmsil olunub.