Özbəkistanın paytaxtı Daşkənddəki “Uz Expo Centre”də İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsullarına və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgi təşkil olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iki ölkənin digər rəsmiləri ilə birgə avqustun 22-də sərgidə olublar.
Azərbaycanın zəngin memarlıq irsini əks etdirən dörd möhtəşəm qala ilə bəzədilmiş sərgi bir neçə tematik bloka ayrılıb.
Sərgidə ölkəmizin iqtisadi nailiyyətlərinə dair göstəricilər, sənaye və kənd təsərrüfatı məhsulları, rəqəmsal inkişaf sahəsində görülən işlər, nəqliyyat-logistika, enerji, turizm sektorlarının imkanları, reallaşdırılan innovativ layihələr, COP29 tədbiri və Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinə dair videoçarxlar nümayiş etdirilir.
Sərgi Azərbaycanın biznes və investisiya mühitinin, yerli məhsul və xidmətlərimizin tanıdılması, sahibkarlar arasında təcrübə mübadiləsi, ixrac əlaqələri baxımından yeni fürsətlər təqdim edir.
Ziyarətçilərə həmçinin azad edilmiş ərazilərimizin bərpası prosesi ilə tanış olmaq imkanı yaradılır, yeni yaşayış məskənlərinin inşası və infrastruktur quruculuğu üzrə layihələr təqdim olunur.
Burada “Made in Azerbaijan” brendi altında istehsal olunan qida məhsulları, o cümlədən spirtli və spirtsiz içkilər, konservlər, kənd təsərrüfatı və qənnadı məhsulları, eləcə də tikinti materialları və digər məhsullar nümayiş olunur.
Sərgidə ənənəvi tekstil sahəsinə xüsusi yer ayrılıb. Burada Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə məxsus əl işləri yer alır, ziyarətçilərə ənənəvi xalçaçılıq sənəti haqqında məlumat verilir.
***
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı da olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, həmçinin iki ölkənin müvafiq qurumlarının nümayəndələri ofisdə yaradılan şəraitlə tanış olublar.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib.
Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır.