2023-cü ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – “Laçın Şəhəri Günü” daxil oldu.
İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub.
Sərəncam Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə imzalanıb. Bu şəhərlər sırasında otuz ilə yaxın davam edən işğaldan sonra doğma Vətənin qoynuna qayıdan Laçın da var.
Avqustun 26-da “Laçın Şəhəri Günü” ikinci dəfə təntənə ilə qeyd olunacaq.
Xatırladaq ki, iki il əvvəl – 2022-ci ilin 26 avqustunda Laçın şəhəri Azərbaycan dövlətinin tam nəzarətinə qayıdıb. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin nəticəsi olaraq və 2020-ci il 10 noyabr tarixli Bəyanatın (Azərbaycan, Ermənistan, Rusiya) müvafiq bəndinə əsasən, Laçın rayonu 2020-ci ilin 1 dekabrında Ermənistanın işğalçı qüvvələrindən azad edilmişdi. Lakin həmin sənədin müvafiq müddəasına görə, Laçın şəhəri və buradan keçən avtomobil yolu (Laçın-Xankəndi) Rusiya sülhməramlı kontingentinin nəzarətində idi. İşğaldan sonra Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində qanunsuz məskən salan ermənilərin də bir qismi hələ burada qalmaqda idi.
Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq, Azərbaycan tərəfi Laçın şəhərindən keçən avtomobil yoluna alternativ yolun inşasına başladı və 2022-ci ilin yayında yol hazır oldu. Bundan sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi dəhliz – Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçdi.
“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” – deyə Prezident İlham Əliyev bununla bağlı rəsmi sosial şəbəkə səhifəsində paylaşım etmişdi.
2022-ci il sentyabrın 21-də Laçın şəhərinə gələn dövlətimizin başçısı orada Azərbaycanın bayrağını ucaltdı. “Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır”, – deyə Prezident İlham Əliyev bəyan etmişdi.
Vətən müharibəsində işğaldan azad olunan bütün yurd yerlərimiz kimi, Şərqi Zəngəzurun dilbər guşələrindən olan Laçın da indi özünün yeni növrağını yaşayır. Otuz il ərzində düşmənin dağıdıb taladığı bu qədim elimiz yenidən qurulur, laçınlılar uzun ayrılıqdan sonra doğma yurdlarına qayıdırlar. 2023-cü ilin 28 mayında Laçın şəhərinə, 25 avqustunda isə yenidən qurulan Zabux kəndinə sakinlərin qayıdışı başlandı.
Avqustun 26-da Laçın rayonuna gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zabux kəndində sakinlərlə görüşmüş, sonra “Laçın Şəhəri Günü” tədbirində iştirak etmişdilər.
“Bu gün biz Şuşada, Laçında toy-bayram edirik. Öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir azərbaycanlı qürur hissi ilə yaşayır ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik”, – deyə Prezident İlham Əliyev tədbirdə demişdi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26-27 avqust tarixlərində Laçında keçirilən tədbirlərə doğma yurda qayıdan laçınlılarla yanaşı, mədəniyyət və diplomatik korpusun nümayəndələri və digər qonaqlar qatılmışdı.
Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki “Laçın Şəhəri Günü” Azərbaycan Respublikasının bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatının nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük bir anlamla qeyd edilir.