Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

 

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başlayıb.

İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Son illər iki dost və qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli dialoq, dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sazişlərin uğurla icrası hər iki tərəfin strateji maraqlarına, eləcə də ümumilikdə Türk dünyasında işbirliyi və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Xüsusilə 2022–2023-cü illər Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. 2022-ci ildə dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2023-cü ildə isə (8 noyabr) Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub.

Prezident Şavkat Mirziyoyevin 2023-cü il avqustun 22-23-də Azərbaycana dövlət səfəri münasibətlərin tarixində yeni səhifə açdı. Bu səfər zamanı imzalanan sənədlər və yol xəritələri Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə mühüm zəmin yaratdı.

Özbəkistan Prezidentinin işğaldan azad edilmiş ərazilərə – Füzuliyə və Şuşaya səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfəsinin və dəstəyinin daha bir göstəricisi idi. Səfər zamanı Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan Füzuli şəhər Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin açılışı da keçirildi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ən son cari il iyulun 5-6-da Azərbaycanda olub və Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edib.

İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.

Bir sözlə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Əminliklə qeyd etmək olar ki, Azərbaycan Prezidentinin Özbəkistana budəfəki dövlət səfəri də artıq möhkəm təməl üzərində intişar tapan tərəfdaşlıqda növbəti əlamətdar səhifə açacaq.

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.

Daşkəndin Mirabad rayonunda yaradılan Heydər Əliyev Meydanının və Ulu Öndərin burada ucaldılmış barelyefinin 2022-ci il iyunun 21-də açılışı olub. Ərazisi tamamilə yenidən qurulan meydanda yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Həmin il Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin barelyefinin açılışında iştirak ediblər.

***

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.

Abidənin üzərində Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülhü, azadlığı, xeyirxahlığı və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva burada xatirə şəkli çəkdiriblər.

***

Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri avqustun 23-də davam edəcək.