Avqustun 23-də Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam olur. Fond 23 avqust 2012-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası, 2021-ci ildən Türk Dövlətləri Təşkilatı adlanır) Bişkek sammitində təsis olunub. Mənzil-qərargahı Bakı şəhərində yerləşir.
Fond türkdilli ölkələrin rəhbərlərinin 2009-cu il oktyabrın 3-də Naxçıvanda və 2010-cu il sentyabrın 16-da İstanbulda keçirilmiş zirvə toplantılarının qərarları əsasında yaradılıb. Naxçıvan sammitində Azərbaycanın təşəbbüsü ilə türkdilli xalqların mədəni irsinin qorunması, bərpası, təşviqi və inkişafı üçün fondun yaradılması təklif edilmiş, bir il sonra İstanbul sammitində müvafiq qərar qəbul edilmişdi.
İki il sonra Bişkekdə keçirilən zirvə toplantısında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Cümhuriyyəti hökumətləri adından Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi imzalanıb.
Nizamnamədə qeyd olunur ki, Fond türkdilli xalqlar arasında tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, onların mədəni irsinin qorunması və inkişaf etdirilməsi ilə əlaqədar fəaliyyəti həyata keçirmək üçün yaradılıb. Fonda prezident rəhbərlik edir, ona vəzifələrinin icrasında katiblik yardım edir. Fondun prezidenti tərəflərin (təsisçi-daimi üzv ölkələr) adlarının ingilis əlifbası ardıcıllığı üzrə rotasiya qaydasında növbəti müddətə uzadılma imkanı ilə dörd il müddətinə təyin edilir.
Müvafiq prosedur məsələləri həll edildikdən sonra Fond 2015-ci ildə fəaliyyətə başlayıb. Həmin ilin 6 mayında Azərbaycan Prezidenti İlham Əliyev yerləşmə yeri Bakı şəhəri olan Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Nizamnaməyə uyğun olaraq ilk prezident Azərbaycandan (Günay Əfəndiyeva) təyin edilib. Günay Əfəndiyeva bu vəzifədə iki müddət çalışıb.
3 noyabr 2023-cü ildə Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə toplantısında Qazaxıstandan Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti təyin olunub.
Beləliklə, Türk Mədəniyyəti və İrsi Fondu təşkilat olaraq 12 yaşını tamamlayır. Fondun bu münasibətlə media üçün məlumatında qeyd olunur ki, Türk dünyagörüşünə görə, 12 illik "muşol jas" dövrü yenilənmə simvolu deməkdir. Fond fəaliyyət göstərdiyi 12 il ərzində TDT, TÜRKSOY, Türk Akademiyası, TürkPA, Türk İnvestisiya Fondu kimi müttəfiq təşkilatlarla əməkdaşlıq edərək, Türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox layihələr həyata keçirib, Türk dünyasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə töhfələr verib.
“Bundan sonra da fəaliyyətimizlə bu mühüm missiyanı davam etdirərək, üfüqləri genişləndirməyə çalışacağıq və əminik ki, Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması və təbliği üçün birgə daha çox işlərə imza atacağıq. Fürsətdən istifadə edərək bütün tərəfdaşlarımıza əvəzsiz dəstəyə və əməkdaşlığa görə dərin minnətdarlığımızı bildiririk”, – deyə məlumatda bildirilir.
“Mədəniyyət” qəzetinin redaksiyası da Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşını təbrik edir, Fondun rəhbərliyinə və bütün çalışanlarına gələcək fəaliyyətində uğurlar diləyir.