Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Zəfər üçün oxu!” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qeyd edib ki, klipin çəkilişi işğaldan azad olunan ərazilərdə olub. “Layihənin məqsədi vətən sevgisini, zəfər sevincini dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, həmçinin Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirməkdir. Layihə çərçivəsində sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqisi Bəbir Bəbirliyə məxsus yeni yazılan “Azərbaycan” mahnısını İkinci Qarabağ müharibəsi iştirakçıları olan qazilər Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlı ifa edib. Klip çəkilişi zamanı ifaçıların geyimləri Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova tərəfindən təqdim olunub. Klipin rejissoru Elnur Cəbrayılov, operatoru Orxan Qurbanovdur. Çəkiliş zamanı doğma torpaqlarda olan abadlaşmanı görəndə sevinc və qürur hiss keçirdik”, - deyə o sözlərinə əlavə edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın sözlərinə görə, layihədə vətənpərvərlik ideyaları bir araya gəlib. O diqqətə çatdırıb ki, Şanlı Zəfərimizdən sonra sosial həyatın bütün sahələrində köklü dəyişikliklər baş verir.
“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov da öz təəssüratlarını bölüşüb.
Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, mədəniyyət naziri müavinləri Səadət Yusifova, Fərid Cəfərov, mədəniyyət nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, hərbi qulluqçular və qazilər iştirak ediblər.