Avqustun 26-da Azərbaycan Milli Xalça Muzeyinin yeni binasında fəaliyyətə başlamasının 10 ili tamam olur. Dənizkənarı Milli Parkın ərazisində inşa olunan binanın açılışı 2014-cü ilin bu günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib.

Avstriya memarı Frans Yantsın layihəsi üzrə ərsəyə gələn tikili – “bükülmüş xalça” binası orijinal memarlıq nümunəsi kimi Bakının yeni rəmzləri sırasına daxil oldu.

1967-ci ildə təşkil edilən və tətbiqi sənətin unikal nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Bu nümunələrin daha geniş və səmərəli nümayişi məqsədilə yeni binanın tikilməsi üçün dövlət başçısı İlham Əliyev 2008-ci ildə müvafiq sərəncam imzalamışdı.

Hazırda muzeyin sərgi və fondlarında 13 mindən çox eksponat saxlanılır. Onların saxlanılması və konservasiyası bu sahədə qabaqcıl beynəlxalq təcrübə əsasında, o cümlədən Viktoriya və Albert Muzeyinin (London) parçaların konservasiyası üzrə mütəxəssisi Louise Squirerin tövsiyələri ilə tərtib edilmiş təlimatlar üzrə təmin olunur....